Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyinə həsr olunmuş təntənəli konsert keçirilib - (Foto)

24 İyun 2026 09:19

İyunun 23-də Perunun paytaxtı Limada Azərbaycan Respublikası ilə Peru Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş təntənəli konsert keçirilib.

Milli.Az xəbər verir ki, konsert Peru Xarici İşlər Nazirliyinin, Lima Şəhər Bələdiyyəsinin və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə ölkəmizin Perudakı Diplomatik Nümayəndəliyinin təşkilatçılığı ilə ərsəyə gəlib.

Konsert Limanın tarixi memarlıq abidələrindən biri olan, Latın Amerikasının ən qədim teatrları sırasında yer alan və Peru mədəni irsinin mühüm simvollarından hesab edilən Manuel Asensio Sequra (Teatro Segura) teatrında baş tutub.

Yubiley tədbirində 
Perunun Qadın və Həssas Əhali Qrupları məsələləri üzrə naziri  Edit Pariona Valer, Lima şəhərinin vitse-meri Fabiola Morales, Lima şəhərinin Miraflores bələdiyyəsinin başçısı Karlos Kanales, Peru Xarici İşlər Nazirliyinin, Peru Energetika Nazirliyinin, Peru Mədəniyyət Nazirliyinin və Konqresinin nümayəndələri, ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və nümayəndələri, müxtəlif regionların merləri, Azərbaycan diasporunun təmsilçiləri, ictimai-siyasi, mədəni və işgüzar dairələrin təmsilçiləri, elm xadimləri, eləcə də Azərbaycanın dostları iştirak edib.

Tədbirin açılışında çıxış edən ölkəmizin Meksika Birləşmiş Ştatlarındakı, eyni zamanda Peruda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri Seymur Fətəliyev Azərbaycan ilə Peru arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasının iki ölkə arasında dostluq, qarşılıqlı hörmət və əməkdaşlığın uğurlu inkişafının göstəricisi olduğunu bildirib. O, son illərdə siyasi dialoqun, parlamentlərarası əlaqələrin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın, eləcə də mədəniyyət və təhsil sahələrində qarşılıqlı münasibətlərin əhəmiyyətli dərəcədə genişləndiyini vurğulayıb.

Səfir, həmçinin Azərbaycan və Peru arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsini, parlamentlərarası dostluq qruplarının fəaliyyətini və beynəlxalq platformalarda qarşılıqlı dəstəyi münasibətlərin inkişafında mühüm addımlar kimi qiymətləndirib. O, xalqları bir-birinə yaxınlaşdıran əsas körpülərdən birinin mədəniyyət olduğunu qeyd edərək, iki ölkə arasında mədəni mübadilələrin və humanitar əməkdaşlığın daha da dərinləşməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb.

Çıxışının sonunda səfir Azərbaycan ilə Peru arasında dostluq və əməkdaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə, yeni istiqamətlər üzrə inkişaf edərək hər iki xalqın rifahına xidmət edəcəyinə əminliyini ifadə edib.

Daha sonra çıxış edən Peru  Xarici İşlər Nazirliyinin Avropa Departamentinin direktoru, fövqəladə və səlahiyyətli səfir Luis Alberto Kampana Azərbaycan ilə Peru arasında münasibətlərin son illərdə dinamik inkişafını vurğulayıb. O, siyasi dialoqun genişləndirilməsinin və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətindən söz açaraq Peru tərəfinin mədəniyyət, təhsil və beynəlxalq təşəbbüslər də daxil olmaqla müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduğunu bildirib.

Ardınca çıxış edən Peru Konqresinin deputatı, Peru-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Rosanqella Andrea Barbaran Reyes iki ölkə arasında parlamentlərarası əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib. O, mədəni diplomatiyanın xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edərək, bu kimi tədbirlərin Azərbaycan ilə Peru arasında humanitar və mədəni əlaqələrin daha da genişləndirilməsinə töhfə verdiyini bildirib.

Rəsmi çıxışlardan sonra tədbir iştirakçılarına hər iki xalqın zəngin mədəni irsini ön plana çıxaran Azərbaycan və Peru bəstəkarlarının əsərlərindən ibarət xüsusi konsert proqramı təqdim olunub. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Bakı Dövlət Kamera Orkestrinin baş dirijoru, əməkdar artist, tanınmış azərbaycanlı maestro Fuad İbrahimovun bədii rəhbərliyi, Peru opera müğənnisi  Rosa Parodinin çıxışı və Peru Simfonik Orkestrinin iştirakı ilə ərsəyə gələn təntənəli musiqi proqramı qonaqlar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Tədbirdə 700-dən çox qonaq iştirak etmişdir. 

Yubiley konserti Azərbaycan ilə Peru arasında dostluq və mədəni əlaqələrin parlaq təcəssümünə çevrilib, iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə olan qarşılıqlı marağı bir daha nümayiş etdirib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)