Həddindən artıq isti hava dalğaları səbəbindən mütəxəssislər vacib bir xəbərdarlıq edib: Otaq temperaturu 35°C-ni aşdıqda elektrikli vantilyatorları birbaşa bədəninizə doğru yönəltməyin.
Milli.Az xəbər verir ki, insan dərisinin səth temperaturu orta hesabla 35°C civarındadır. Otaq temperaturu bu səviyyədən aşağı olduqda vantilyator tər buxarlanmasını sürətləndirərək bizi sərinlədir. Lakin hava temperaturu 35°C və üzərinə çıxdıqda, vantilyator artıq sərin hava deyil, ətrafdakı isti havanı birbaşa bədəninizə üfürür. Bu da bədənin istilik itirməsinə mane olur və əksinə, istini daha çox əmməsinə səbəb olur.
Niyə təhlükəlidir?
İsti havada tər çox sürətlə buxarlandığı üçün siz sərinlədiyinizi zənn edə bilərsiniz. Lakin bu, "yalançı güvən" hissi yaradır; bədən su itirməyə (dehidratasiyaya) davam edir və ürəyə düşən yük artır.
Xüsusilə yaşlılar, körpələr, xroniki ürək, böyrək və tənəffüs yolu xəstəliyi olanlar bu şəraitdə daha yüksək risk altındadırlar.
Mütəxəssislərdən təhlükəsizlik tövsiyələri:
Temperatur 35°C-dən yüksək olduqda, onu birbaşa bədəninizə deyil, otaqdakı havanı dövr etdirəcək (sirkulyasiya edəcək) şəkildə yerləşdirin.
Günün ən isti saatlarında pəncərələri, jalüzləri və ya qalın pərdələri bağlayaraq istinin içəri girməsinə mane olun.
Susamağı gözləmədən gün ərzində bol miqdarda maye (xüsusilə su) için.
Günün ən isti saatlarında ağır fiziki işlərdən və açıq havada hərəkətdən qaçın.
Xüsusilə gecələr havanın soyumadığı və "tropik gecə" adlanan dövrlərdə bədən özünü soyuda bilmədiyi üçün bu tədbirlərə əməl etmək sağlamlığınız üçün çox vacibdir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)