Sarımsağı ev şəraitində uzun müddət saxlamaq çox vaxt çətin olur; tez bir zamanda yumşalır, solur və kiflənir. Sarımsağın aylarla təzə qalması üçün onu sadəcə sərin yerdə saxlamaq kifayət etmir. Hər evdə olan sadə bir məhsulla sarımsaqlarınızı uzun müddət təravətli saxlaya bilərsiniz.
Milli.Az xəbər verir ki, sarımsağın tez xarab olmasının əsas səbəbi rütubətdir. Rütubət sarımsağın kökünə və gövdəsinə keçərək kiflənməyə səbəb olur. Bu problemi aradan qaldırmaq və sarımsağı rütubətdən qorumaq üçün sizə lazım olan tək şey 1 ovuc çiy düyüdür. Düyü nəmi özünə çəkmə xüsusiyyətinə malik olduğu üçün sarımsaqların kiflənməsinin qarşısını alır.
Sarımsağı düyü ilə necə saxlamaq olar?
Sarımsaqları ağzı kip bağlanan bir qaba (və ya bankaya) yerləşdirin.
Qabın dibinə 1 ovuc çiy düyü səpin.
Üzərinə sarımsaqları əlavə edin və qabın qapağını hava keçirməyəcək şəkildə bağlayın.
Bu qabı günəş görməyən, sərin bir yerdə saxlayın.
Sarımsaq saxlayarkən digər faydalı məsləhətlər:
Sarımsağı hər zaman qaranlıq, quru və sərin yerdə saxlayın.
Sarımsaqları təmizləyib soyun, bir bankaya yığın və üzərinə zeytun yağı əlavə edin. Bu həm sarımsağın xarab olmasının qarşısını alır, həm də yağa və sarımsağa əlavə ətir verir.
Bu sadə üsullarla sarımsaqlarınızın ömrünü uzada və onları istədiyiniz vaxt yeməklərdə təzə şəkildə istifadə edə bilərsiniz.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)