Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş

24 İyun 2026 00:33

Yaz aylarının sevilən meyvəsi olan əncir haqqında sosial mediada yayılan məlumatlar yenidən müzakirə mövzusuna çevrilib. Bir çox insanın sadə bir meyvə kimi yediyi əncirin əslində necə formalaşdığını bilirdinizmi?

Milli.Az xəbər verir ki, əncir bildiyimiz klassik meyvələrdən deyil. Mütəxəssislərin fikrincə, o, tərsinə çevrilmiş bir çiçək strukturudur. Əncirin içindəki o xırda "toxumlar" əslində toxum deyil, onun çiçəkləridir. Əncir digər ağaclar kimi çöldə çiçək açmır, çiçəkləri meyvənin daxilində inkişaf edir.

Əncirin yetişməsi üçün "əncir arısı" adlanan kiçik canlılar həyati rol oynayır. Dişi əncir arısı polen daşıyaraq əncirin içərisinə daxil olur və döllənmə prosesini başlayır.

Elmi faktlara görə, dişi əncir arısı əncirin içərisinə girəndə qanadlarını itirir və çox vaxt geriyə çıxa bilmir. O, öz həyat dövrünü əncirin içində tamamlayır və orada ölür. Buna görə də bəzi əncir növlərinin içərisində arı qalıqlarının olduğu bildirilir. Ancaq bu qalıqlar təbii proses nəticəsində parçalanaraq yox olur.

Bu proses, xüsusilə vegan qidalanan insanlar arasında bəzən mübahisələrə səbəb olur. Lakin mütəxəssislər vurğulayırlar ki, günümüzdə kommersiya məqsədilə yetişdirilən bir çox əncir növü fərqli üsullarla istehsal olunur və bu, hər əncirin içində mütləq arı olduğu anlamına gəlmir.

Əncir və əncir arısı arasındakı bu münasibət təbiətdəki ən diqqətçəkən "ortaq yaşam" nümunələrindən biridir. Milyonlarla ildir davam edən bu döngü sayəsində həm əncir ağacı, həm də əncir arıları öz nəsillərini davam etdirə bilirlər.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)