İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Tehran ABŞ-la imzalanmış memorandum çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək, lakin Vaşinqtona etibar etmir.
Milli.Az APA-ya istinadən bildirir ki, Pezeşkian bu barədə Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşü zamanı danışıb.
"Ballistik raketlərlə bağlı ABŞ-la heç bir danışıqlar aparılmayıb və aparılmayacaq. Biz ABŞ-a etibar etmirik, çünki danışıqlar prosesində iki dəfə hücuma məruz qalmışıq. Bununla yanaşı, biz hər zaman dialoqa və sülhə hazır olmuşuq və hazırıq", - deyə İran Prezidenti bildirib.
Pezeşkian vurğulayıb ki, İran "qanunsuz və qeyri-humanist" tələblər qarşısında geri çəkilmək niyyətində deyil.
"Biz heç vaxt qanunsuz və qeyri-humanist tələblər qarşısında baş əyməyəcəyik", - deyə o qeyd edib.
İran Prezidenti əlavə edib ki, ölkəsi regional sabitliyin və qarşılıqlı hörmətə əsaslanan dialoqun tərəfdarı olaraq qalır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)