“Azərxalça” və Faiq Əhməd “Eskizdən xalçaya” eksklüziv kolleksiyasını təqdim etdilər – İçərişəhərdə yeni şourumun açılışı olub - FOTO

23 İyun 2026 23:25

"Azərxalça" ASC Bakının tarixi hissəsi olan İçərişəhərdə şirkətin yeni istifadəyə verilmiş şourumunda "Eskizdən xalçaya" adlı yeni xalça kolleksiyasını təqdim edib.

Layihənin və "Azərxalça"nın yeni məkanının təqdimatı dövlət qurumlarının nümayəndələrini, diplomatik korpusun üzvlərini, tanınmış mədəniyyət, elm və incəsənət xadimlərini, həmçinin incəsənətsevərləri, gəncləri və Bakının xarici qonaqlarını bir araya gətirib.

Kolleksiya dünya şöhrətli konseptual rəssam, Azərbaycanın Əməkdar rəssamı Faiq Əhmədlə yaradıcı əməkdaşlığın nəticəsi olub. Onun əsərləri Azərbaycan xalçasının ənənəvi estetikası ilə müasir yanaşmanı birləşdirməsi sayəsində beynəlxalq səviyyədə böyük rəğbət qazanıb.

Məhdud tirajla hazırlanan kolleksiya yeddi unikal xalça dizaynını əhatə edir və onların hər biri cəmi on nüsxədə təqdim olunub. Seriyanın əsasını Quba xalçaçılıq məktəbinin və Qərbi Azərbaycanın zəngin ənənələri təşkil edir. Kolleksiyaya Turquoise Goychali, Midnight Gonaghkend, Spring Goychali, Rose Goychali, Ink Goychali, Crystal Goychali və Magenta Gonaghkend xalçaları daxildir.

"Eskizdən xalçaya" layihəsi üzərində iş təxminən iki il davam edib. Bütün məmulatlar yüksək keyfiyyətli yun və ipəyin vəhdəti ilə əl ilə toxunub.

Açılış mərasimində çıxış edən "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov bildirib ki, dövlət tərəfindən qədim Azərbaycan xalçaçılıq sənətinin inkişafına və təbliğinə xüsusi diqqət və qayğı göstərilir. O qeyd edib ki, "Azərxalça"nın 10 illik yubileyi münasibətilə milli xalçaçılığın inkişafına verdikləri töhfəyə görə 18 toxucu və mütəxəssis dövlət mükafatları ilə təltif olunub. Təltif edilənlərin əksəriyyətini ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən 11 istehsalat emalatxanasında çalışan qadın toxucular təşkil edib.

"Azərbaycan xalçası hər birimiz üçün ənənə, mədəni irs və tarixdir. Məhz müasir rəssamlar onun canlı qalmasına və XXI əsrə uyğun şəkildə yaşamasına töhfə verirlər. Buna görə də Faiq Əhmədin yaradıcılığı dünyanın aparıcı qalereyalarının diqqətini cəlb edir.

Bu gün biz ənənəvi xalçadan müasir bədii interpretasiyaya aparan yolu nümayiş etdirdik. Burada həm Quba xalçaları, həm də Qərbi Azərbaycan xalçaları müasir incəsənət dili ilə yenidən təqdim olunub. Biz fəxr edirik ki, belə rəssamlar sayəsində Azərbaycan incəsənətini, xalçaçılığını və mədəniyyətini dünya qalereyalarında və muzeylərində layiqincə təqdim edə bilirik", - deyə Emin Məmmədov bildirib.
Faiq Əhmədin müəllif konsepsiyaları əsasında yaradılan və "Azərxalça"nın yaradıcı komandası ilə birgə həyata keçirilən kolleksiya ənənə ilə innovasiyanın qarşılıqlı əlaqəsini araşdırır. Vizual kompozisiyaların hazırlanmasında müasir rəqəmsal texnologiyalardan istifadə olunsa da, hər bir xalça "Azərxalça"nın regional emalatxanalarında təcrübəli ustalar tərəfindən tam əl əməyilə hazırlanıb və bununla da Azərbaycan xalçaçılığının çoxəsrlik ənənələri qorunub saxlanılıb.

Öz növbəsində Faiq Əhməd qeyd edib ki, xalçalar yalnız mədəni irsin bir hissəsi deyil, həm də dünyanın bədii şəkildə dərk edilməsinin vasitəsidir.

"Xalçalar bizim tariximiz, mədəniyyətimiz və böyük gücümüzdür. Rəssam üçün belə bir irslə işləmək böyük məsuliyyətdir. Mən buna ilk növbədə insan, sonra isə rəssam kimi yanaşıram.

Məni hər zaman fikrin özü - onun yaranma anı maraqlandırır. Mən məhz bu prosesi xalçanın forması vasitəsilə göstərməyə çalışmışam. İnsan öz daxilinə baxmağı, cavabları özündə tapmağı bacarmalıdır. Çünki hər bir sənətin əsasında ideya dayanır", - deyə Faiq Əhməd bildirib və müəllimi - Xalq rəssamı Natiq Əliyevin rolunu xüsusi vurğulayıb.

Qeyd edək ki, 2026-cı ildə Faiq Əhməd 61-ci Venesiya Biennalesində fərdi layihə ilə Azərbaycanı rəsmi şəkildə təmsil edən ilk azərbaycanlı rəssam olub. Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkənin milli pavilyonunda onun "The Attention" ("Diqqət") adlı multimedia instalyasiyası nümayiş etdirilib.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyev bildirib ki, Faiq Əhmədin yaradıcılığı ənənəvi xalça motivlərinin rəqəmsal deformasiya, optik illüziya, ərimə effektləri və piksel formaları ilə birləşdirilməsi ilə seçilir. Onun sözlərinə görə, bu bədii yanaşma mədəni irs və müasir incəsənət arasında təsirli dialoq yaradır.

Tədbirin sonunda təqdim olunan yeni xalça kolleksiyası qonaqlar tərəfindən böyük maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub. Ekspozisiya Azərbaycan xalçaçılığının çoxəsrlik ənənələrinin müasir incəsənət məkanında öz kimliyini qoruyaraq yeni yaradıcı ifadə formaları qazandığını nümayiş etdirib.