"Valideynlər uşaqları ilə daha çox vaxt keçirəndə onların təhsil nailiyyətləri yaxşılaşır. Bunun ən sadə forması uşaqlarla oynamaqdır. İki-üç yaşlı uşaqla onun sevdiyi oyunları oynamaq lazımdır. Buna vaxt itkisi kimi deyil, intellektin inkişafı kimi baxmaq lazımdır".
Milli.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Xəzər TV", Trend və APA informasiya agentliklərinə müsahibəsində deyib.
Nazir bildirib ki, məktəbəqədər təhsil təhsilin bünövrəsidir:
"Kiçik kəndlərdə təşkil olunan icma əsaslı məktəbəqədər təhsil təşəbbüsü də özünü doğruldur. Bu gün 15 mindən çox uşaq icma əsaslı qruplara cəlb olunub. Əsasən 3-4 və 4-5 yaşlı uşaqlar əvvəlcə həmin qruplara, daha sonra isə məktəbəhazırlıq mərhələsinə cəlb olunurlar. Beləliklə, uşaq üç yaşından etibarən öz ailəsi ilə birlikdə məktəbəqədər təhsilə başlamaq imkanı əldə edir".
Emin Əmrullayev qeyd edib ki, ucqar ərazilərdə səyyar məktəbəqədər təhsil fəaliyyəti də təşkil olunur:
"Bütün bu təşəbbüslər nəticəsində 1-5 yaşlı uşaqların təxminən 40 faizdən çoxunu məktəbəqədər təhsilə cəlb etməyə nail olmuşuq. Yaxın illərdə bu göstəricini 50 faizə çatdırmağı hədəfləyirik. On il əvvəl isə bu rəqəm cəmi 11-12 faiz idi".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor