"Təhsil nailiyyətləri yalnız ev tapşırıqları ilə bağlı olsaydı, bütün ölkələr ev tapşırıqlarını artırmaqla və ya azaltmaqla yüksək nəticələr əldə edərdi. Bu qədər sadə bir həll yolu olsaydı, yəqin ki, kimsə onu çoxdan düşünüb tətbiq etmişdi".
Milli.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Xəzər TV", Trend və APA informasiya agentliklərinə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, elə ölkələr var ki, onlarda ev tapşırıqlarının həcmi daha çoxdur və təhsil nailiyyətləri də yüksəkdir:
"Bizdə bu mövzuda çoxlu fikirlər var, amma tədqiqatlar yoxdur. Statistik təhlillər və müşahidələr aparılmalıdır ki, məsələn, on yaşlı Azərbaycanlı bir uşaq üçün iki saatlıq və iki saat yarımlıq ev tapşırığı arasında həqiqətən fərq olub-olmadığını müəyyən edə bilək. Bu sualın cavabını dəqiq heç kim bilmir".
Emin Əmrullayev qeyd edib ki, ev tapşırığının saatı və həcmi məsələsindən daha vacib sual uşağın həmin vaxt ərzində nə ilə məşğul olmasıdır:
"Ola bilər ki, uşaq dörd saat tapşırıq üzərində işləsin, amma bunun ona real faydası olmasın. Burada tapşırığın məzmunu və düşünmə məsələsi ön plana çıxır. Təhsilin ən vacib istiqamətlərindən biri şagirdlərin və təhsilalanların daim sual verməsi, düşünməsi və cavab axtarmasıdır. Hər hansı bir tənliyin həlli ilə mexaniki şəkildə məşğul olmaqdansa, sərbəst mühakiməni və düşünmə bacarığını təşviq edən tapşırıqlar daha vacibdir".
O, bildirib ki, bu tip tapşırıqlar üçün də universal vaxt norması yoxdur, daha çox məzmuna fokuslanmalıyıq.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor