Quba rayonu ərazisində, Qusarla sərhəd zonaya yaxın hissədə torpaq sürüşməsi qeydə alınıb.
Milli.Az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu açıqlama yayıb.
Məlumatda bildirilir ki, sürüşmə prosesi iyunun 20-dən etibarən müşahidə olunur və hazırda davam edir.
Qurumdan qeyd edilib ki, sürüşmənin baş verdiyi ərazidə yaşayış məntəqəsi mövcud deyil. Həmçinin hadisə zəlzələ ilə bağlı olmadığından maqnituda və dərinlik göstəriciləri qeydə alınmayıb.
Mütəxəssislər tərəfindən ərazidə monitorinqlər davam etdirilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)