Mərdəkanda dənizdə 4 nəfər batıb, üç nəfərin meyiti tapılıb - Yenilənib

22 İyun 2026 17:00

Axtarışlar nəticəsində dalğıc-xilasedicilər tərəfindən 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az xəbər verir ki, digər şəxs - 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

_____________

Dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun və 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Digər vətəndaşlar - 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun və 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

___________

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Milli.Az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.

Hazırda dalğıc-xilasedicilər tərəfindən vətəndaşların batdığı ehtimal olunan istiqamətlər üzrə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)