Fotoşəkillərdə niyə "çirkin" çıxdığınızın elmi səbəbi bəlli oldu

20 İyun 2026 23:43

Məlum olub ki, beynimiz saxta gülüşləri dərhal tanıyır və qəbul etmir. İnsanları saniyələr içində valeh edən əsl "Duchenne" effekti və göz kənarındakı o kiçik qırışların arxasındakı təkamül sirri nədədir?

Milli.Az xəbər verir ki, sosial psixologiyanın sübut olunmuş bir faktı var: Olduğu yerdə həqiqətən xoşbəxt görünən insanlar dərhal bir cazibə mərkəzinə çevrilirlər. Bəs beyinlərimiz ilk 100 millisaniyədə nəyi axtarır və niyə bəzi gülüşləri saxta hesab edib uzaqlaşırıq?

Saxta gülüş ilə əsl gülüşün savaşı
Fransız həkim Guillaume Duchenne insan üzündəki gülüş kodlarını çözüb. Tibb dünyası gülüşü iki yerə ayırır:

Duchenne olmayan gülüş (Fotoşəkil gülüşü): Yalnız ağız kənarlarının yuxarı çəkilməsi ilə baş verir. Vəsiqə şəkli çəkdirərkən və ya xoşlamadığınız birinə nəzakət göstərmək üçün etdiyiniz gülüşdür. Beynimiz bunu dərhal "qeyri səmimi və məcburi" olaraq kodlaşdırır. Fotoşəkillərdə pis çıxmağınızın səbəbi budur; çünki gözləriniz bu gülüşə qoşulmur.

Duchenne gülüşü (Gözlərin içi ilə gülmək): Budur, əsl möcüzə! Bu gülüşdə təkcə ağız deyil, gözlərin ətrafındakı əzələlər də dartılır və göz kənarında o kiçik "qaz ayaqları" (qırışlar) yaranır. Bu hərəkət tamamilə qeyri-ixtiyaridir və saxtasını düzəltmək demək olar ki, qeyri-mümkündür. İnsanlar bu gülüşü gördükdə beynin alt qatında sizə "isti, etibarlı və cəlbedici" etiketi vururlar.

Niyə gülən insanlara cəlb olunuruq?
Bu, təkamül kodlarımızda gizlidir. İlk dəfə gördüyümüz bir yad insan, ilkin beynimiz üçün potensial bir təhlükədir. Gülüş isə bütün mədəniyyətlərdə ortaq olan tək işarədir və bu mesajı verir: "Məndən sənə zərər gəlməz, dostam və ünsiyyətə açığam." Qarşı tərəfin beyni bu siqnalı alan kimi təhlükə rejimindən çıxır və sizi "cəlbedici" olaraq qəbul edir.

Gülüş hər qapını açırmı?
Əlbəttə, gülüş sehrli çubuq deyil. Boyunuzu, üz quruluşunuzu və ya yaşınızı dəyişdirmir. Lakin unutmayın ki, araşdırmalar ən cəlbedici halınızın, həqiqətən xoşbəxt göründüyünüz an olduğunu təsdiqləyir. Bir ortama girməzdən əvvəl nə boyunuzu, nə də üz sümüklərinizi dəyişə bilərsiniz, onlar sabitdir. Amma o an idarə edə biləcəyiniz tək bir şey var: İfadəniz.

Gözlərinin içi ilə gülən bir insan olmaq, beynin qarşı tərəfə verə biləcəyi ən yüksək "cazibədarlıq xalını" qazanmağınızı təmin edir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor