SEPAH Hörmüz boğazının bağlandığını elan edib

20 İyun 2026 17:29

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) Hörmüz boğazının gəmilərin hərəkəti üçün bağlandığını açıqlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, İran-ABŞ arasında müharibənin dayandırılması ilə bağlı razılaşmanın birinci bəndinin yerinə yetirilməməsi və İsrailin Livanın cənubunda atəşkəsi pozması bu qərara səbəb olub.

SEPAH bu addımı "qarşı tərəfin öhdəliklərini yerinə yetirməməsinə ilk cavab" kimi qiymətləndirib və atəşkəs pozuntuları davam edərsə, əlavə tədbirlərin görüləcəyi ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, nüvə proqramı ətrafında gərginlik fonunda ABŞ və İsrailin İrana qarşı hava hücumları həyata keçirdiyi, İranın isə regiondakı ABŞ və İsrail hədəflərinə raket və PUA-larla cavab verdiyi bildirilir. Daha sonra Pakistanın vasitəçiliyi ilə tərəflər arasında atəşkəs əldə olunduğu açıqlanıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)