Britaniya 500 km məsafəli yeni raket sistemlərini sınağa çıxaracaq

20 İyun 2026 16:30

Böyük Britaniya Ukrayna üçün ABŞ komponentlərindən asılı olmayan, daha ucuz uzaqmənzilli raket sistemlərinin hazırlanmasına başlayır.

Axar.az "Blumberq"ə istinadən xəbər verir ki, yeni silahlar Britaniyanın öz istehsalı əsasında hazırlanır və ABŞ komponentlərinə ehtiyac olmadan istifadə oluna biləcək.

Məlumata görə, Böyük Britaniya Müdafiə Nazirliyinin dəstəyi ilə hazırlanan üç müxtəlif sistem yaxın aylarda həm Britaniyada, həm də Ukrayna ərazisində sınaqdan keçiriləcək.

Britaniya rəsmiləri bu silahların bir il ərzində Ukrayna cəbhəsinə çatdırılmasının mümkün olduğunu bildiriblər.

Qeyd olunur ki, yeni raket sistemləri ən azı 225 kiloqramlıq döyüş başlığı daşıya biləcək və 500 kilometrdən artıq məsafədə hədəfləri məhv etmək imkanına malik olacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)