Elmi araşdırmalar 2011-ci ildə Yaponiyada baş verən dağıdıcı Tohoku zəlzələsinin təkcə yeraltı deyil, həm də Yer səthində ölçülə bilən mikroskopik tektonik dəyişikliklərə səbəb olduğunu ortaya çıxarıb.
Milli.Az xəbər verir ki, Çikaqo Universitetindən seysmoloq Sunyonq Parkın rəhbərlik etdiyi tədqiqat qrupu zəlzələ zamanı yaranan seysmik dalğalardan birinin Yer mantiyasının dərin qatlarına enərək nüvə-mantiya sərhədindən əks olunduğunu və bu prosesin Yaponiyanın yerləşdiyi tektonik lövhədə kiçik miqyaslı yerdəyişməyə təsir etdiyini müəyyən edib.
Araşdırmaya əsasən, GPS stansiyaları zəlzələ anında bəzi bölgələrdə torpağın təxminən 5-6 millimetr şərq istiqamətində sürüşdüyünü qeydə alıb. Alimlər bildirirlər ki, bu dəyişiklik adi zəlzələ sonrası qısamüddətli titrəmədən fərqli olaraq daha davamlı tektonik təsir göstərə bilər.
Qeyd olunur ki, "ScS" adlı seysmik dalğa Yer nüvəsinə qədər enib geri qayıdaraq artıq gərginlik altında olan lövhə sərhədlərinə əlavə təzyiq göstərib və geniş əraziyə yayılan mikroyerdəyişməyə səbəb olub.
Tədqiqatçılar hesab edirlər ki, bu təsirin ümumi enerji miqyası bəzi hesablamalara görə 7,5 bal gücündə zəlzələyə bərabər olsa da, səthdə ayrı bir zəlzələ kimi deyil, yalnız incə tektonik dəyişiklik kimi qeydə alınıb.
Nəticələr "Journal of Geophysical Research: Solid Earth" jurnalında dərc olunub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)