Polşa Prezidenti Karol Navrotski ukraynalı həmkarı Volodimir Zelenskini ölkənin ən yüksək dövlət mükafatı olan Ağ Qartal Ordenindən məhrum edib.
Milli.Az APA-ya istinadən bildirir ki, qərarın verilməsinə səbəb Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə "UPA qəhrəmanları" adının verilməsi olub.
Navrotski bəyanatında bildirib ki, "Polşa-Ukrayna münasibətlərində keçilməməli olan sərhədlər mövcuddur".
Polşa lideri videomüraciətində qeyd edib ki, prezident ölkənin ən ali dövlət mükafatının nüfuzunu və şərəfini qorumağa borcludur.
"Volodimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin müstəqil xüsusi əməliyyatlar mərkəzlərindən birinə "UPA qəhrəmanları" adının verilməsinə razılıq verməsindən sonra Şura ilə məsləhətləşərək onu Ağ Qartal Ordenindən məhrum etmək qərarı qəbul etdim", - deyə Navrotski vurğulayıb.
Məlumata əsasən, Navrotski hələ may ayında Zelenskinin bu mükafatdan məhrum edilməsini təklif etmişdi.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)