Dünyanın ən hündür binası taxtdan endirilir: "Ciddə Qülləsi" həftədə 4 metr yüksəlir

20 İyun 2026 00:35

Səudiyyə Ərəbistanında dünyanın hazırkı ən hündür binası olan "Bürc Xəlifə"nin rekordunu qırmaq üçün işlər sürətlə davam edir. İnşası həftədə 4 metr sürətlə irəliləyən "Ciddə Qülləsi" (Jeddah Tower) tezliklə "Bürc Xəlifə"ni zirvədən endirəcək.

Milli.Az xəbər verir ki, "Ciddə Qülləsi" tamalandıqda 1000 metr (1 kilometr) hündürlüyü keçəcək. Bu hündürlüklə o, Dubaydakı 828 metrlik "Bürc Xəlifə"ni geridə qoyaraq dünyanın ən hündür binası olacaq.

Layihənin memarları "Bürc Xəlifə"ni də dizayn edən dünyaca məşhur Adrian Smit və Qordon Hilldir.

Layihənin mühəndislik rəhbəri Con Perontoya görə, işlər hazırda ən yüksək sürətə çatıb. Hazırda 104-cü mərtəbəyə çatan və hündürlüyü 400 metri keçən göydələn həftədə orta hesabla 4 metr yüksəlir. Planlara görə, qüllə təxminən 6 ay ərzində 500 metr hündürlüyü keçəcək. Həmçinin, 160-cı mərtəbədə yerləşəcək ən üst müşahidə meydançasının tikintisinə də sürət verilib.

Səudiyyə Ərəbistanının neft gəlirlərinə olan asılılığını azaltmağı hədəfləyən "Vizyon 2030" proqramının əsas simvollarından biri olan bu nəhəng layihənin heç bir gecikmə olmadan davam etdiyi bildirilir. Qüllənin 2028-ci ilin avqust ayında açılması planlaşdırılır.

Layihənin ən çətin hissəsi betonun bu qədər yüksəkliyə pompalanmasıdır. Mühəndislər yeryüzündə indiyədək istifadə olunan ən hündür beton pompalaması sistemini hazırlayıblar. Mütəxəssislər bunu tikinti sahəsindəki ən çətin və inqilabi tapşırıqlardan biri adlandırırlar.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)