İstanbulda qatar relsdən çıxdı, xəsarət alanlar var - Yenilənib (Foto)

20 İyun 2026 00:30

Türkiyənin İstanbul şəhərində Sabiha Gökçen Hava Limanına doğru hərəkət edən metro qatarının relsdən çıxması nəticəsində üç nəfər xəsarət alıb.

Hadisənin relsin yoldəyişmə sistemindəki nasazlıq səbəbindən baş verdiyi bildirilib.

--------
İstanbulun ən çox istifadə olunan metrolarından biri olan Kadıköy-Sabiha Gökçen xəttində bu axşam qorxulu anlar yaşanıb. Bostancı stansiyası yaxınlığında qatar hələlik məlum olmayan səbəbdən relsdən çıxıb.

Milli.Az xəbər verir ki, Kadıköy istiqamətindən gələn metro qatarı Bostancı stansiyasına yaxınlaşarkən relsdən çıxıb.

Sərnişinlər vaqonlardan düşərək tunelin içərisi ilə piyada getməklə təhlükəsiz yerə çıxmağa məcbur qalıblar.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Onlar təcili yardım briqadaları tərəfindən xəstəxanalara çatdırılıblar.

"Metro İstanbul" şirkətindən verilən məlumata görə, texniki nasazlıq səbəbindən hazırda metrolar bütün xətt boyunca işləmir. Qatar hərəkəti yalnız Maltepe və Sabiha Gökçen Hava Limanı stansiyaları arasında təşkil edilir.

İstanbulun Səhiyyə Müdiri dosent Abdullah Əmrə Günər hadisə yerinə çox sayda təcili yardım və xilasetmə qruplarının cəlb olunduğunu bildirib. O, qeyd edib ki, ərazidə bütün lazımi tibbi tədbirlər görülüb və aidiyyəti qurumlarla birgə işlər davam etdirilir.

Qəzanın dəqiq səbəbini araşdırmaq üçün mütəxəssislər işə başlayıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)