"Qanım şirindir" deyənlərin nəzərinə: Alimlər ağcaqanadların insan seçmə sirrini açdı

20 İyun 2026 06:06

Ağcaqanadların bəzi insanlara daha çox hücum etməsi uzun illərdir maraq doğuran mövzulardan biridir. Aparılan elmi araşdırmalar göstərir ki, bu həşəratlar qurbanlarını təsadüfi seçmirlər və onların seçimində bir neçə bioloji amil rol oynayır.

Milli.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar insanın nəfəsi ilə xaric etdiyi karbon qazını uzaq məsafədən hiss edə bilir. Onlar insana yaxınlaşdıqca isə bədən temperaturu, dərinin rütubəti və bədəndən yayılan qoxular daha mühüm əhəmiyyət kəsb edir.

Araşdırmalar nəticəsində məlum olub ki, bəzi insanların dərisində yaranan müəyyən kimyəvi maddələr ağcaqanadları daha çox cəlb edir. Bu səbəbdən eyni şəraitdə olan insanlar arasında bəziləri daha çox dişlənir, digərləri isə nisbətən az narahatlıq yaşayır.

Alimlər həmçinin cəmiyyətdə geniş yayılmış bəzi fikirlərin doğru olmadığını müəyyən ediblər. Belə ki, insanın qan qrupu, saç rəngi və ya göz rənginin ağcaqanadların seçimində həlledici rol oynamadığı ortaya çıxıb.

Bununla yanaşı, spirtli içkilərin qəbulu ağcaqanadların marağını artıran amillərdən biri hesab olunur. Mütəxəssislər bildirirlər ki, alkoqol bədən temperaturunu yüksəldir, karbon qazı ifrazını artırır və bədən qoxusunda dəyişiklik yaradır ki, bu da insanı ağcaqanadlar üçün daha cəlbedici edir.

Ekspertlər xatırladırlar ki, ağcaqanad dişləmələri yalnız qaşınma və narahatlıq yaratmır. Dünyanın müxtəlif bölgələrində bu həşəratlar malyariya, denge qızdırması, sarı qızdırma və çikungunya kimi təhlükəli xəstəliklərin yayılmasına səbəb ola bilir. İqlim dəyişiklikləri nəticəsində həmin növlərin yeni ərazilərə yayılması isə riskləri daha da artırır.

Qeyd edək ki, tədqiqatçıların fikrincə, ağcaqanadların insan seçmə mexanizminin daha dərindən öyrənilməsi gələcəkdə yeni qorunma üsullarının və profilaktik tədbirlərin hazırlanmasına kömək edə bilər. 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)