Gömrükdə 308,30 karat brilyant aşkar olundu

19 İyun 2026 12:01

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi cari ilin əvvəlindən həyata keçirilən nəzarət tədbirlərinin nəticələrini açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hesabat dövründə ümumilikdə 1072 hüquqpozma faktı müəyyən edilib. Bunlardan 4-ü cinayət, 1068-i isə inzibati xəta xarakterlidir.

Bildirilib ki, cinayət xarakterli faktlardan 3-ü məcburi nişanlama aparılmadan qanunsuz dövriyyəyə çıxarılan siqaretlərlə bağlı olub. Digər 1 fakt üzrə isə gömrük orqanına bəyan edilməyən 308,30 karat brilyant qaş aşkarlanıb.

Həmçinin 3 halda məcburi nişanlanmalı olan 73 840 ədəd siqaretin nişanlanmadan satışa çıxarıldığı müəyyən edilib.

Gömrük qaydalarının pozulması nəticəsində fiziki şəxslərə ümumilikdə 97 169,30 manat məbləğində cərimə tətbiq olunub. Bu cərimələrin 81 146,35 manatının ödənilməsi təmin edilib.

Bundan başqa, 64 fakt üzrə toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)