Azərbaycan ilə Ekvador arasında viza tələbi ləğv edilir

19 İyun 2026 11:43

Azərbaycanla Ekvador arasında diplomatik, rəsmi və xidməti pasport sahibləri vizadan azad ediləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, "Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş" 4 may 2026-cı ildə Kito şəhərində imzalanıb.

Sazişin məqsədi hər iki dövlətin etibarlı diplomatik, rəsmi və xidməti pasportlara malik olan vətəndaşlarının səyahətlərini asanlaşdırmaqdır.

Sənəddə "Diplomatik pasportlar" anlayışına Azərbaycan Respublikasının diplomatik pasportları və Ekvador Respublikasının diplomatik pasportları; "Rəsmi pasportlar" anlayışına Ekvador Respublikasının rəsmi pasportları; "Xidməti pasportlar" anlayışına Azərbaycan Respublikasının xidməti pasportları aid edilir.

Sənəd 13 maddədən ibarətdir.

Sazişə əsasən, bir tərəfin dövlətinin etibarlı diplomatik, rəsmi və xidməti passport sahibi olan vətəndaşları digər tərəfin dövlətinin ərazisinə vizasız daxil ola, oradan tranzit keçə, oranı tərk edə və orada hər 180 gün ərzində 90 günədək müddətdə qala bilərlər. Bu müddətdən artıq qalmaq niyyətində olan vətəndaşların qəbul edən tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq əvvəlcədən viza və ya digər razılığa gələn tərəfin dövlətinin ərazisində müvəqqəti qalma müddətinin uzadılması üçün icazə alması tələb olunur.

Bu Saziş digər tərəfin dövlətinin ərazisində yerləşən diplomatik nümayəndəliklərin və konsulluqların üzvlərini, habelə beynəlxalq təşkilatların nümayəndələrini və onların ailə üzvlərini qəbul edən dövlətdə akkreditasiyadan öncə viza öhdəliyindən azad etmir.

Tərəflər bu Sazişin imzalandığı tarixdən sonra 30 gün ərzində diplomatik, rəsmi və xidməti pasportlarının nümunələrini diplomatik kanallar vasitəsilə mübadilə edirlər.

Tərəflərin qarşılıqlı yazılı razılığı əsasında Sazişə istənilən dəyişikliklər edilə bilər. Belə dəyişikliklər Sazişin tərkib hissəsi olan ayrıca Protokollar formasında rəsmiləşdirilir.

Sazişin müddəalarının təfsiri və ya tətbiqindən irəli gələn hər hansı fikir ayrılığı tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.

Saziş qeyri-müəyyən müddətə bağlanılır və razılığa gələn tərəflərin bu Sazişin qüvvəyə minməsi üçün zəruri olan öz müvafiq dövlətdaxili prosedurlarının tamamlanmasını təsdiq edən sonuncu yazılı bildirişi diplomatik kanallar vasitəsilə aldığı tarixdən 30 gün sonra qüvvəyə minir.

"Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)