Dünyanın ən populyar mesajlaşma platformalarından olan "WhatsApp" Türkiyədə yeni ödənişli abunə modelini təqdim edib.
Milli.Az xəbər evrir ki, yeni premium paket aylıq 41,99 TL dəyərindədir və istifadəçilərə əlavə fərdiləşdirmə imkanları təqdim edir. Abunəçilər tətbiqin ikonası və mövzusunu dəyişə, eksklüziv animasiyalı stikerlərdən istifadə edə, sancaqlanmış söhbətlərin sayını 20-yə qədər artıra və müxtəlif kontaktlar üçün fərqli bildiriş səsləri təyin edə biləcəklər.
Bundan əlavə, premium istifadəçilər söhbət siyahılarını öz seçimlərinə uyğun şəkildə təşkil etmək və kateqoriyalara ayırmaq imkanına sahib olacaqlar.
Şirkət yeni xidmət üçün 30 günlük pulsuz sınaq müddəti də təqdim edib. İstifadəçilər bu müddət ərzində bütün premium funksiyaları ödənişsiz sınaqdan keçirə, daha sonra isə istədikləri halda abunəliyi ləğv edə bilərlər.
"WhatsApp"ın məlumatına görə, yeni model tətbiqin əsas funksiyalarını əhatə etmir və xidmət tamamilə könüllü xarakter daşıyır. Platformanın pulsuz istifadəsi əvvəlki qaydada davam edəcək.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)