"19 gündə qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb" - FHN

19 İyun 2026 11:07

Fövqəladə Hallar Nazirliyi vətəndaşlara çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən istifadə etməmələri ilə bağlı növbəti dəfə xəbərdarlıq edib.

Milli.Az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, bəzi şəxslər, xüsusilə uşaqlar və yeniyetmələr hələ də kanal, arx, çay, süni göl və digər təhlükəli ərazilərdə çimirlər. Bu isə bir sıra hallarda faciəvi nəticələrə səbəb olur.

Bildirilib ki, iyunun 1-dən indiyədək qeyri-çimərlik ərazilərdə 12 nəfərin suda boğularaq həyatını itirməsi qeydə alınıb.

FHN qeyd edir ki, çimərlik üçün uyğunlaşdırılmayan su hövzələri qeyri-müəyyən dərinlik, güclü axın, təhlükəli sualtı relyef və məhdud görünüş kimi risklər daşıyır. Bu səbəbdən həmin ərazilərdə suya girmək insan həyatı üçün ciddi təhlükə yaradır.

Nazirlik əhaliyə, xüsusilə valideynlərə müraciət edərək uşaqları nəzarətsiz buraxmamağa, təhlükəsizlik qaydalarına əməl etməyə və çimərlik olmayan su hövzələrindən uzaq durmağa çağırıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)