Şəmkirdə kafedə dostunu qətlə yetirən şəxsə 11 il həbs verildi

19 İyun 2026 10:38

Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib.

İttihama görə, Xudat Məmmədov həmyerlisi və dostu Anar Süleymanovu qətlə yetirməkdə təqsirləndirilib. Belə ki, əvvəllər Anarla Xudat dost olublar. 2021-ci ildə Xudatın qardaşı Fuad Məmmədov Anarın bacısı Nigar və onun azyaşlı qızı yaşayan evə daxil olaraq onları öldürməyə cəhd edib. Bundan sonra dostlar arasında münasibət pozulub və Anar Azərbaycanı tərk edib, Rusiyaya yollanıb. Bir müddət sonra Anar Azərbaycana qayıdıb.

2024-cü ildə Xudat Məmmədov Şəmkir rayonu ərazisində yerləşən kafelərdən birinə gəlib orada spirtli içki qəbul edib. Xudat sərxoş vəziyyətdə ünvansız söyüşlər söysə də, həmin vaxt orada olan Anar Süleymanov həmin söyüşün onun ünvanına deyildiyini iddia edib və Xudatla Anar arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Xudat Anarı qətlə yetirib. Hadisə zamanı kafedə olan digər şəxslər də, ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan şahidlər də xəsarət alıblar.

Hadisə yerinə polis əməkdaşları gəliblər və X.Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)