Xətai rayonunda yerləşən yataqxananın yerində tikilən yaşayış binasının sakinləri 5 ilə yaxındır ki, çıxarış ala bilmirlər. Bununla bağlı tikinti şirkətinə müraciət etsələr də vəziyyət dəyişməz olaraq qalır.
Bəs vətəndaşlar hansı halda çıxarış ala bilərlər?
Milli.Az xəbər verir ki,sakinlərin sözlərinə görə binada layihədən kənar işlər görülüb:
"Bina 12 mərtəbə nəzərdə tutulsa da, 13 mərtəbə tikilib. Bundan başqa layihədə nəzərdə tutulan oyun meydançası, yanğın çıxışı üçün ayrılmış ərazilərdə obyektlər inşa olunub. Sadəcə müqavilə var, çıxarış isə verilmir. Səbəb nədir bilmirik".
Məsələ ilə bağlı tikinti şirkətindən bildirildi ki, binanın istismara verilməsindən ötrü əsas sənədlər alınıb:
"Yalnız enerji təchizatı ilə bağlı aktın hazırlanması prosesi qalıb və bununla bağlı aidiyyatı üzrə müraciət edilib. Baxış keçirildikdən sonra sonra rəy veriləcək. Daha sonra sənədlər Dövlət Şəhərsalma və Arxitektura komitəsinə təqdim olunacaq. Növbəti mərhələdə mənzillərə çıxarış verilməsi üçün Əmlak məsələləri üzrə Dövlət Xidmətinə müraciət ediləcək".
Qeyd edək ki, binada mərtəbə artırılması məsələsi ilə FHN-dən bildirildi ki, məsələ araşdırılacaq.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)