Yeni “iPhone 18 Pro”nun qiyməti açıqlandı

18 İyun 2026 23:54

"Apple" şirkətinin payızda təqdim edəcəyi flaqman modeli "iPhone 18 Pro"nun ilkin satış qiyməti gözləniləndən xeyli baha ola bilər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, smartfonun baza versiyasının qiymətinin 1299 dollardan başlayacağı gözlənilir ki, bu da hazırkı "iPhone 17 Pro" ilə müqayisədə 200 dollar bahadır. Qiymət artımının əsas səbəbi cihazın maya dəyərinin kəskin yüksəlməsidir. İstehsal xərclərinin artmasına birinci növbədə operativ (RAM) və fləş-yaddaş (daxili yaddaş) mikrosxemlərinin bahalaşması, həmçinin yeni aparat təminatı həllərinin tətbiqi təsir göstərir.

"TechInsights" araşdırma şirkətinin məlumatına görə, yeni nəsil smartfonlar üçün nəzərdə tutulan 12 QB-lıq operativ yaddaş dəstinin qiyməti cari modellərlə müqayisədə dörd dəfəyə yaxın arta bilər. Eyni vəziyyət daxili yaddaş bazarında da müşahidə olunur və burada da qiymətlər bir neçə dəfə yüksəlib.

Hesablamalara görə, dəyişikliklər fonunda baza "iPhone 18 Pro" modelinin maya dəyəri 582 dollardan 726 dollara qədər qalxa bilər. Cari gəlirlilik səviyyəsini qorumaq üçün "Apple" artan xərclərin bir hissəsini birbaşa alıcının üzərinə qoymağa məcbur olacaq.

Qeyd edək ki, "Apple"ın rəhbəri Tim Kuk artıq şirkətin yaddaş çiplərinin bahalaşması səbəbindən qiymətləri qaldırmağı planlaşdırdığını etiraf edib. O, bildirib ki, texnologiya nəhəngi bu xərcləri artıq öz büdcəsi hesabına kompensasiya edə bilmir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)