Paytaxtın mərkəzi hissəsində yerləşən 12 mərtəbəli yaşayış binasının mansard və texniki sahəsində qanunsuz tikinti aparıldığı iddia edilir.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı sakinlər bildirib ki, Aşıq Molla Cümə küçəsində, giriş 3, M12, M2 ünvanında yerləşən və "Monolit MTK" tərəfindən inşa edilmiş binada uzun müddətdir mübahisəli tikinti işləri aparılır.
Şikayətçinin hüquqlarını müdafiə edən vəkil Elməddin Məhərrəmovun sözlərinə əsasən, "Monolit MTK" həmin ərazidə yerləşən dörd yaşayış binasının sakinlərinə məxsus çardaq və texniki sahələri qanunsuz şəkildə vasitəçilərdən birinə sataraq orada yeni mənzillərin tikilməsinə şərait yaradıb. İddia olunur ki, ümumi istifadədə olan və yaşayış məqsədi üçün nəzərdə tutulmayan sahədə artıq beş aydan çoxdur tikinti işləri davam edir.
Şikayətçi əlavə edib ki, həmin qeyri-yaşayış sahələrində yaradılan mənzillərin kommunal təminatı da qanunsuz yollarla həyata keçirilib. Onun iddiasına görə, yaxınlıqdakı binalardan qaz xətti çəkilib, su, kanalizasiya və elektrik şəbəkələri isə aşağı mərtəbələrdə yaşayan sakinlərin mövcud xətlərinə qoşulub. Bildirilir ki, məsələ ilə əlaqədar aidiyyəti qurumlara edilən müraciətlərdən sonra dörd binadan üçündə işlər dayandırılsa da, bir binada tikinti hələ də davam etdirilir.
İddialarda adı keçən "Monolit MTK"nın nümayəndəsi isə səsləndirilən fikirlərlə razılaşmayaraq, aparılan işlərin tam qanuni əsaslarla və təsdiqlənmiş layihəyə uyğun şəkildə həyata keçirildiyini bildirib. Bununla yanaşı, tikintinin razılaşdırıldığını təsdiq edən sənədlərin təqdim olunmayacağı qeyd edilib.
Şirkət mansard hissəsində əlavə tikintinin aparılmadığını bəyan etsə də, müşahidələr zamanı 12-ci mərtəbədə müəyyən tikinti işlərinin görüldüyü diqqət çəkib. Bundan başqa, sosial şəbəkələrdə həmin binaya aid mansard tipli mənzillərin satışına dair elanların yerləşdirildiyi də məlum olub.
Mansard sahəsinin sahibi olduğunu bildirən İlkin Rəhimov isə tikintinin bütün rəsmi prosedurlara uyğun aparıldığını və mənzillərin kommunal xidmətlər üçün ayrıca sayğaclarla təmin edildiyini deyib.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi açıqlamasında qeyd edib ki, "Monolit MTK" tərəfindən tikilmiş iki 12 mərtəbəli yaşayış binasının çardaq və texniki hissələrində əlavə pəncərə açılması və yeni mənzillərin yaradılması ilə bağlı sakinlərin müraciətləri araşdırılıb. Nazirlik əməkdaşlarının apardığı baxış zamanı layihədən kənar tikinti əlamətləri müəyyən edilib və bununla bağlı MTK rəhbərliyinə, həmçinin aidiyyəti dövlət qurumlarına rəsmi məlumat göndərilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də məsələdən xəbərdar olduqlarını bildirərək müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara müraciət edildiyini açıqlayıb.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)