Rusiya paytaxtı Moskva şəhəri və Moskva vilayəti genişmiqyaslı pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Milli.Az xəbər verir ki, Rusiya paytaxtının meri Sergey Sobyaninin açıqlamasına görə, iyunun 18-nə keçən gecədən etibarən şəhər və ətraf ərazilərdə ümumilikdə 85 dron məhv edilib.
Rusiya mediasının yaydığı məlumata əsasən, bu göstərici son iki ildə Moskva istiqamətində qeydə alınan ən böyük dron hücumlarından biri hesab olunur.
Bundan əvvəl ən çoxsaylı hücum cari ilin mayın 17-də baş vermişdi. Həmin vaxt paytaxta doğru hərəkət edən 81 pilotsuz uçuş aparatının hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyi bildirilmişdi.
İlkin məlumatlara görə, hücum fonunda şəhərdəki neft emalı müəssisələrindən birində yanğın qeydə alınıb. Eyni zamanda təhlükəsizlik tədbirləri çərçivəsində bəzi hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb.
Hadisə ilə bağlı əlavə məlumatların araşdırıldığı qeyd olunur.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)