Dırnaqlarımızda gözlənilmədən yaranan rəng dəyişiklikləri, kiçik ləkələr və ya qəribə xətlər düşündüyümüzdən daha ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər. Bir çoxumuz bunu "yəqin ki, bir yerə çırpmışam" və ya "vitamin çatışmazlığıdır" deyərək keçib gedirik, lakin mütəxəssislər bu yanaşmanın çox yanlış olduğunu vurğulayırlar.
Milli.Az xəbər verir ki, dırnaqlarımızın əsas funksiyası barmaq uclarını qorumaqla yanaşı, bədənimizdə gedən ciddi proseslərdən də xəbər verməkdir. Vitamin və mineral çatışmazlığı dırnaqları zəiflədərək qırılmasına səbəb ola bilər, lakin bəzi dəyişikliklər daha təhlükəli xəstəliklərin "həyəcan təbili"dir.
Zərbə almadan dəyişiklik baş veribsə, diqqətli olun!
Dırnağınızda qara və ya qəhvəyi rəngli bir xətt və ya ləkə görmüsünüzsə, özünüzə bu sualı verin: "Mən yaxın zamanda bu barmağımı bir yerə vurmuşam?"
Əgər cavab "xeyr"dirsə və heç bir travma (qapı arasında qalması, ağır əşya düşməsi və s.) almamısınızsa, bu ləkələr aşağıdakı üç ehtimaldan birini göstərə bilər:
Dırnaq yatağında yaranan xoşxassəli bir xal.
Səbəbi bəlli olmayan kiçik dırnaqaltı qanamalar.
Malign Melanom: Həyati təhlükə yaradan, sürətlə irəliləyən bir növ dəri xərçəngi.
Dırnağın altında sonradan yaranan tünd rəngli xətlər və ləkələr, xüsusilə də dəri xərçənginin (melanomun) tipik əlamətidir. Bu xərçəng növü olduqca aqressivdir və gecikdirildikdə bədənin digər orqanlarına yayıla bilər. Lakin vaxtında aşkarlanarsa, müalicə şansı olduqca yüksəkdir.
Aşağıdakı hallardan birini belə müşahidə etsəniz, dərhal dermatoloqa (dəri həkimi) müraciət edin:
Heç bir zərbə almadığınız halda dırnağınızda qara, qəhvəyi ləkələr və ya boyuna uzanan xətlər yaranıbsa.
Bu ləkə və ya xətlərin rəngi zamanla tündləşirsə və ya genişlənirsə.
Dırnağın ətrafındakı dəriyə doğru rəng qaralması yayılırsa.
Dırnağınızdakı kiçik bir rəng dəyişikliyi, bəlkə də həyatınızı qurtaracaq ən vacib erkən xəbərdarlıq ola bilər. İhmal etməyin!
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)