İyunun 20-də saat 20:00-da Bakının tarixi mərkəzi olan İçərişəhərdə yerləşən Qoşa Qala qapısı önündəki ərazidə Argentina Bayrağı Gününə həsr olunmuş El Calor en Baku - Azerbaijan Tango Festivalı beynəlxalq tanqo və mədəniyyət festivalının təntənəli açılışı keçiriləcək.
Mərasimin əsas bəzəyi Maestros - dünya tanqo ulduzları, və Avropanın aparıcı konsert səhnələrində, o cümlədən Berlin Filarmoniyasında, Moskva Konservatoriyasının Böyük zalında, Çaykovski adına Konsert zalında, Moskva Beynəlxalq Musiqi Evində, Sankt-Peterburqun Böyük Konsert Zalında və Admiralspalast Berlin səhnəsində çıxış etmiş məşhur Solo Tango Orquesta kollektivinin çıxışı olacaq.
İlk dəfə Bakıda keçiriləcək festival 19-24 iyun tarixlərində altı gün ərzində İçərişəhərin küçələrini musiqi, rəqs, qastronomiya və parlaq mədəni tədbirlər məkanına çevirəcək. XII əsr qala divarları ilə əhatə olunmuş qədim şəhər Argentina mədəniyyətinin zəngin irsi ilə tanışlıq üçün unikal platformaya çevriləcək.
Festival proqramına canlı tanqo orkestr çıxışları, milonqalar, ustad dərsləri, beynəlxalq yarışlar, Argentina folkloru, qastronomik layihələr, film nümayişləri və digər açıq tədbirlər daxildir. İştirakçıların və qonaqların rahatlığı üçün xüsusi zonalar - PRO ZONE və CITY ZONE təşkil olunacaq.
Festivalda müxtəlif ölkələrdən tanınmış beynəlxalq maestro-lar, rəqqaslar, musiqiçilər və müəllimlər iştirak edəcəklər. Musiqi proqramını Solo Tango Orquesta və La Argenta Ensamble təqdim edəcək. Dəvət olunmuş ulduzlar arasında Neri Piliu və Yanina Quiñones, Maxim Gerasimov və Ornella Simonetto, Utku Kuley və Iris Kuley, həmçinin Jesús Gorgone və Victoria Lizunova yer alır.
Layihə və festival proqramı haqqında ətraflı məlumat rəsmi saytda mövcuddur:
https://aztangofest.com/az
Festivalın Instagram səhifəsi:
https://www.instagram.com/aztangofest?igsh=ZWwxaHdrbWhyN3hy
Festival iyunun 24-də dünya tanqo tarixinin ən simvolik simalarından biri olan əfsanəvi argentinalı müğənni və bəstəkar Karlos Qardelin xatirəsinə həsr olunmuş böyük konsertlə yekunlaşacaq. La Argenta Ensamble kollektivinin ifasında konsert Bakı Musiqi Akademiyasının Opera Studiyasında keçiriləcək.
Biletləri onlayn əldə etmək mümkündür:
https://iticket.az/events/concerts/la-argenta-ensamble-the-great-argentine-tango-evening-in-baku
"Azərbaycan üçün bu festival sadəcə bir neçə günlük zəngin proqramdan daha böyük məna daşıyır. O, xüsusi atmosfer yaradır, mədəni turizmin inkişafına töhfə verir, paytaxt sakinlərini və qonaqlarını bir araya gətirir və Bakının müasir, açıq mədəniyyət mərkəzi statusunu bir daha vurğulayır. Festival çərçivəsində həmçinin Argentina tanqosu üzrə nüfuzlu beynəlxalq yarışlar - Baku Tango Trophy və Metropolitango Cup keçiriləcək. İçərişəhərin atmosferi bu çempionatlara xüsusi rəng qatacaq, idman həyəcanını, rəqs sənətini və genişmiqyaslı mədəni bayramı birləşdirəcək", - deyə AzDC katibliyinin rəhbəri, dəfələrlə dünya çempionu olmuş Eldar Cəfərov bildirib.
Layihə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Argentinanın Azərbaycandakı səfirliyi, Azərbaycan Rəqs Şurası (AzDC), beynəlxalq tanqo icması və yerli tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirilir.
İnformasiya dəstəyi: Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az.