Koçaryana qarşı cinayət işi başlanacaq

17 İyun 2026 18:23

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) ikinci prezident Robert Koçaryana qarşı cinayət təqibinin başlanmasına icazə verib.

Milli.Az APA-ya istinadən bildirir ki, Ermənistan mediasının xəbərinə görə, bu barədə MSK-nın iclasından sonra vəkil Aram Orbelyan jurnalistlərə bildirib.

"Komissiya cinayət təqibinə icazə verdi", - Orbelyan deyib.

O? qeyd edib ki, ittiham vəzifə səlahiyyətlərindən sui-istifadə, çirkli pulların yuyulması ilə bağlıdır.

Qeyd edək ki, Ermənistan Baş Prokurorluğu Mərkəzi Seçki Komissiyasına ölkənin 2-ci prezidenti, "Ermənistan" blokunun lideri Robert Koçaryana qarşı cinayət təqibinin başlanmasına icazə verilməsi üçün vəsatət təqdim edib. Koçaryandan başqa deputatlığa namizədlər Asatur Koçaryan və Ruslan Barseqyanın da toxunulmazlığının ləğv edilməsi üçün MSK-ya müraciət olunub.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın sabiq prezidenti Robert Koçaryan Zvartnots hava limanından ölkəni tərk etməyə cəhd edib. Məlumata görə, hüquq-mühafizə orqanları buna mane olaraq onun ölkəni tərk etməsinin qarşısını alıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)