Bakıda çimərliyi biznes məqsədilə icarəyə götürmək mümkündür, lakin praktikada siz adətən çimərliyin özünü deyil, çimərlik ərazisində yerləşən torpaq sahəsini və ya xidmət zonasını (kafe, restoran, şezlonq xidməti, su attraksionları və s.) icarəyə götürürsünüz. Dövlət və bələdiyyə torpaqları müəyyən qaydalarla sahibkarlıq fəaliyyəti üçün icarəyə verilə bilər.
Elan saytlarına nəzər saldıqda görərik ki, Mərdəkan, Bilgəh, Şüvəlan, Nardaran və digər sahilyanı ərazilərində kiçik kommersiya sahələrinin icarə qiyməti aylıq təxminən 2 000-10 000 manat arasında dəyişir. Daha böyük çimərlik kompleksləri və kommersiya obyektləri üçün isə aylıq icarə haqqı 10 000-50 000 manata, bəzi hallarda daha yüksək məbləğlərə çata bilir.
Mövzu ilə bağlı Milli.Az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc bildirib ki, ölkəmizdə çimərlik mövsümünün başlaması ilə çimərlik biznesi yenidən aktuallaşıb.
"Bu mövsüm təxminən 3 ay davam edir. Çimərlik ərazilərinin icarəsi də həmin dövrü əhatə edir. Yerindən asılı olmayaraq, sahil ərazisi adətən təxminən 100 metrlik sahilə çıxışı olmaqla təklif olunur. Bu ərazilərin ölçüsü 1 hektardan başlayaraq 10 hektara qədər dəyişə bilir. Kvadratmetr üzrə icarə qiymətləri 10-30 manat arasında dəyişir. Orta hesabla, 100 metrlik sahilə çıxışı olan və sahəsi 2 hektar təşkil edən, üzərində mini konstruksiyalı obyektlərin qurulması mümkün olan ərazilərin mövsümlük icarə haqqı 50-100 min manat arasında olur. Lakin tanınmayan, insan axınının az olduğu və suyun təmizliyi ilə seçilməyən çimərliklərdə qiymət kvadratmetr üzrə təxminən 10 manat təşkil edir."
V. Oruc qeyd edib ki, ən çox icarəyə verilən çimərliklər Mərdəkan, Şüvəlan, Bilgəh, Novxanı və Pirşağı ərazilərində yerləşir.
"Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, torpağın bazar dəyərinin yüksək olduğu ərazilərdə çimərliklərin icarə qiymətləri də həmin göstərici əsasında müəyyən edilir. Bu zaman adətən torpağın bazar dəyərinin təxminən 5 faizi əsas götürülür. Məsələn, Mərdəkanda çimərliyə yaxın ərazidə torpağın 1 sotunun qiyməti 40 min manatdırsa, 1 hektar torpağın dəyəri 4 milyon manat edir. Bu məbləğin 5 faizi isə 200 min manat təşkil edir. Beləliklə, həmin ərazidə yerləşən 1 hektarlıq çimərliyin bir mövsüm üçün icarə haqqı təxminən 200 min manat ola bilər", - deyə o qeyd edib.