Azərbaycanda razılıq olmadan məcburi psixiatriya müayinəsinə prokuror qərar verə biləcək

17 İyun 2026 12:05

Prokurorun qərarı ilə psixiatriya müayinəsi və profilaktik müayinənin aparılması mümkün olacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirə edilən "Psixiatriya yardımı haqqında" Qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, psixiatriya müayinəsinin nəticəsi (diaqnoz) barədə dərhal müayinə üçün müraciət etmiş şəxsə, prokurora və ya müvafiq icra hakimiyyəti orqanına məlumat veriləcək.

Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin psixiatriya yardımı gecikdirildikdə onun özü və ya digər şəxslər üçün təhlükə yarandığı hallarda, şəxsin və ya qanuni nümayəndəsinin razılığı olmadan müayinənin aparılması barədə qərar prokuror və ya səlahiyyətli vəzifəli şəxs tərəfindən qəbul edilə biləcək.

Eyni zamanda, məcburi hospitalizasiya zamanı pasiyentin və ya ətraf şəxslərin təhlükəsizliyinin təmin olunması məqsədilə psixiatriya müəssisələrində müəyyən edilmiş qaydalar və təhlükəsizlik tədbirləri tətbiq ediləcək.

Psixi pozuntu vəziyyətində olan şəxsin məhkəmə qərarınadək qeyri-könüllü stasionara yerləşdirilməsi barədə həkim-psixiatrın qərarı qəbul edildikdə, müəssisə rəhbərliyi bu barədə dərhal yaxın qohumlara, qanuni nümayəndələrə, prokurora və ya aidiyyəti orqanın səlahiyyətli şəxsinə məlumat verməli olacaq.

Layihəyə əsasən, psixiatriya yardımı ilə bağlı məlumatlar şəxslər tərəfindən elektron sağlamlıq kartı vasitəsilə əldə ediləcək, qanuni nümayəndələr isə yazılı müraciət əsasında məlumatları iki iş günü ərzində ala biləcəklər.

Tibbi xarakterli məcburi tədbirlər zamanı stasionar müalicə digər pasiyentlərdən təcrid olunmuş şəkildə həyata keçiriləcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)