“Qarabağ”ın rəqibi 1.4 milyonluq “Vestri” oldu - Avrokuboklarda ilk oyun

16 İyun 2026 19:53

"Qarabağ"ın Avropa Liqasının 1-ci təsnifat mərhələsində rəqibi İslandiyanın "Vestri" komandası oldu.

Milli.Az xəbər verir ki, "Vestri"İslandiyanın İsafjördur şəhərini təmsil edən futbol klubudur. Klubun kökləri 1986-cı ilə gedib çıxır, hazırkı "Vestri" isə 2016-cı ildə bir neçə yerli idman təşkilatının birləşməsi nəticəsində formalaşıb.  Ev oyunlarını "Kerecisvöllurinn" stadionunda keçirir. Arenanın cəmi 1 600 tamaşaçı tutumu var. 

Komandanın hazırkı baş məşqçisi 2026-cı ilin yanvarından ingiltərəli 45 yaşlı mütəxəssis Daniel Osafo-Badudur.  

Klub tarixinin ən böyük uğurunu 2025-ci ildə (22 avqust) qazanıb. "Vestri" İslandiya Kubokunun finalında güclü rəqibi "Valur"u 1:0 hesabı ilə məğlub edərək tarixində ilk böyük titulu əldə edib. Bu qələbə sayəsində onlar ilk dəfə avrokuboklara vəsiqə qazanıb. Məhz 2026/27 mövsümündə "Vestri" avrokuboklarda debüt edəcək. İlk rəqibləri isə  "Qarabağ" olacaq.

2023-cü ildə "Vestri" ilk dəfə İslandiyanın yüksək liqasına yüksəlib. Bu, klub tarixində mühüm dönüş nöqtəsi hesab olunur. Transfermarkt məlumatına görə, komandanın ümumi heyət dəyəri təxminən 1,4 milyon avrodur.

Qeyd edək ki, "Qarabağ"ın "Vestri" ilk oyunu (9 iyul) evdə keçirəcək. Cavab matçı iyulun 16-da İslandiyada keçiriləcək. (qol.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)