Ərdoğan və müavini PKK terrorçuları ilə görüşən millət vəkillərini sərt tənqid etdilər

20 Avqust 2012 09:26
APA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, baş nazir bunu əvvəlcədən hazırlanmış ssenari adlandırıb: "Bənzər ssenarilər yenə oynanılıb. Bizə düşən "bu nə yaxınlıqdır?" deməkdir".

Ərdoğan BDP-ni PKK-nın "parlamentdəki uzantısı" adlandırıb və bu günə qədər təşkilatı terror örgütü kimi tanımadığını xatırladıb: "Niyə bunu etmirlər? Çünki onların parlamentdə olma və varlıq səbəbləri terror örgütüdür. Bunlar bölücü terrör örgütünün xalqda yaratdığı qorxu içində parlamentə gəliblər. O qorxu və təhdidin altında olmayan heç bir kürd bunlara səs verməyəcək. Ona görə də indi qardaş kimi bir-birinə sarıla bilirlər. Demək ki, münasibətləri bu qədər irəliyə gedib. Bundan əvvəl də buna bənzər ssenarilər yenə oynanılmışdı".

Baş nazirin müavini Bülənt Arınç da BDP-çi millət vəkillərinin Şırnakda terrorçularla görüşməsinə sərt münasibət bildirib: "Ölkəmizdə terror və terrorçular bayram, Ramazan demədən utanmadan millət vəkilləri ilə belə qucaqlaşdılar. Bu hadisə utancvericidir, heç bir bəraəti yoxdur".

B.Arınc PKK-nın tökdüyü qanları xatırladıb, minlərlə dinc insanın bu terror təşkilatı tərəfindən qətlə yetirildiyini qeyd edib.

CHP millət vəkili Hüseyn Aygünün PKK terrorçuları tərəfindən qaçırılıb, sərbəst buraxıldıqdan sonra verdiyi açıqlamaları da tənqid edən B.Arınç BDP-çi deputatların terrorçularla görüşünün yol kəsmə deyil, bayramlaşma olduğunu vurğulayıb: "Bu yaşananlar bombalama olayından daha da pisdir. Nə bu terrorçular, nə də onların qucaqlaşdığı o bədbəxt insanlar kürd millətini təmsil edir. Kürd millətini təmsil edənlər 75 milyonla qucaqlaşan, onları bağrına basan millətin mənəvi və ortaq dəyərlərinə sahib çıxan insanlardır".

B.Arınç deyib ki, silahlı şəxsi qucaqlayıb, ona dəstək verən insan siyasətçi deyil: "Səni seçənlər parlamentə siyasətlə məşğul olmağa göndərdilər, terrorçu ilə qucaqlaşmağa yox. Bu, çox böyük yanlışdır. Onlar Allahdan qorxmurlar, Allahdan qorxan belə etməz. Amma 75 milyonun bəd duasını aldığınız anda haradan çarpıldığınızı anlaya bilməyəcəksiniz. Siz Allahdan və millətdən utanmırsınız. Millətin acısına ortaq olacağınız yerdə bu acıya ortaq olanlarla ortaqlıq edirsiniz. Siz bu nöqtəyə gəlmisinizsə, zavalınız yaxındır". 

Milli.Az