Goradildəki mərkəzdə müəmmalı ölüm: Sakinlər nələrdən şikayət edirlər?

16 İyun 2026 20:04

Abşeron rayonunda fəaliyyət göstərən özəl reabilitasiya müəssisələrindən birində ölüm hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə Goradil qəsəbəsində yerləşən "Reself Lite" reabilitasiya mərkəzində qeydə alınıb. Mərkəzdə müalicə alan, Zaqatala rayonundan olan 41 yaşlı şəxs naməlum şəraitdə dünyasını dəyişib.

Ərazi sakinlərinin sözlərinə görə, sözügedən müəssisə uzun müddətdir fəaliyyət göstərir. Bildirilir ki, son dövrlərdə binada təmir və yenidənqurma işləri aparılıb, təhlükəsizlik tədbirləri gücləndirilib, həmçinin pəncərələrə qoruyucu məhəccərlər quraşdırılıb.

Yerli sakinlər iddia edirlər ki, burada müalicə alan bəzi şəxslərin səs-küyü xüsusilə yay aylarında ətrafda yaşayanlar üçün müəyyən narahatlıqlar yaradır.

Hadisənin başvermə səbəblərini və digər detalları öyrənmək məqsədilə reabilitasiya mərkəzinin məsul şəxsləri ilə əlaqə saxlamağa cəhd göstərilsə də, məsələ ilə bağlı hər hansı açıqlama almaq mümkün olmayıb.

Faktla bağlı aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)