Otlaq mövsümündə təhlükə: Heyvanlar üçün qarayara peyvəndi niyə vacibdir?

16 İyun 2026 15:25

Cəlilabad rayonunda bəzi heyvanların vaksinasiya prosesindən sonra tələf olması ilə bağlı iddialar araşdırılıb.

Milli.Az xəbər verir ki, rayon sakini Daşqın Hüseynovun sözlərinə görə, dabaq xəstəliyinə qarşı peyvənd tətbiq edildikdən sonra onun təsərrüfatında bir neçə gün ərzində 4 baş xırdabuynuzlu heyvan ölüb. O bildirib ki, digər heyvanlarda da peyvənd vurulan hissədə şişkinlik və iltihab əlamətləri müşahidə olunub.

Təsərrüfat sahibinin iddiasına əsasən, aparılan müayinələr zamanı heyvanlarda infeksiya olduğu müəyyən edilib.

Müraciətdən sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları tərəfindən ölmüş heyvandan nümunələr götürülərək laborator analizə göndərilib. Mütəxəssislərin rəyinə görə, nümunələrdə "CI perfringens" infeksiya törədicisi aşkarlanıb.

Məlumatda bildirilib ki, sözügedən mikroorqanizm torpaq mənşəli infeksiyalar qrupuna daxildir və xüsusilə ilin bu dövründə iribuynuzlu və xırdabuynuzlu heyvanlarda rast gəlinə bilir. Buna görə də heyvanların tələf olmasının dabaq xəstəliyinə qarşı tətbiq edilən vaksinlə əlaqəli olmadığı qeyd olunub.

Qurumdan həmçinin bildirilib ki, dabaq xəstəliyinə qarşı istifadə olunan vaksin dövlət tərəfindən pulsuz təmin edilir. Hazırda heyvanlarda aşkarlanan infeksiyaya qarşı profilaktik tədbirlər və peyvəndləmə isə heyvan sahibləri tərəfindən həyata keçirilməlidir.