İkinci ali təhsilin qiymətləri açıqlandı: Rekord BDU-dadır - 7600 manat

16 İyun 2026 12:39

Azərbaycan universitetlərində ikinci ali təhsil almaq istəyənlər üçün təhsil haqları açıqlanıb. Təhsil haqqının məbləği ali məktəb və seçilən ixtisasdan asılı olaraq dəyişir. Bəzi proqramlar üzrə illik ödənişlərin kifayət qədər yüksək olması diqqət çəkir.

Milli.Az xəbər verir ki, ən yüksək təhsil haqları tətbiq edilən ali təhsil müəssisələri arasında Bakı Dövlət Universiteti və Dövlət İdarəçilik Akademiyası yer alır. Belə ki, Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə ikinci ali təhsilin illik ödənişi 7600 manat təşkil edir. Dövlət İdarəçilik Akademiyasında isə Dövlət və bələdiyyə idarəetməsi, həmçinin Menecment ixtisasları üzrə təhsil haqqı 6000 manat müəyyənləşdirilib.

Təhsil sahəsi üzrə mütəxəssislər bildirirlər ki, ikinci ali təhsil vətəndaşların yeni bilik və bacarıqlar qazanmasına, eyni zamanda əmək bazarında daha rəqabətli olmasına kömək edir. Lakin bəzi ixtisaslarda təhsil haqlarının yüksək olması bu imkandan yararlanmaq istəyən şəxslərin sayına mənfi təsir göstərə bilər.

Ekspertlərin fikrincə, xüsusilə əmək bazarında daha çox tələb olunan istiqamətlər üzrə münasib qiymət siyasətinin tətbiqi ikinci ali təhsilə marağın artmasına şərait yarada bilər.

İkinci ali təhsil üzrə ödənişlərin hansı prinsiplər əsasında formalaşdırılması məsələsinə gəlincə, universitetlər bunu müxtəlif amillərlə izah edirlər.

Bakı Dövlət Universitetindən verilən məlumata görə, təhsil haqlarında edilən dəyişikliklər rəqəmsal təhsil imkanlarının genişləndirilməsi və tələbələrə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır.

Azərbaycan Memarlıq və İnşaat Universiteti isə bildirib ki, ikinci ali təhsil proqramları üzrə ödənişlər tədris prosesinin daha səmərəli təşkil olunması və proqramların xüsusiyyətləri nəzərə alınaraq müəyyən edilir.

Sorğuya cavab verən Xəzər Universiteti qeyd edib ki, ikinci ali təhsil üzrə təhsil haqları bakalavr proqramlarında tətbiq olunan məbləğlərlə eynidir. Yəni tələbə seçdiyi ixtisas üzrə bakalavr pilləsində hansı məbləği ödəyirsə, ikinci ali təhsil zamanı da həmin tarif qüvvədə qalır. 

Aysel Əkbər