AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Milli.Az apa-ya istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, iyunun 10-da Səbail rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində AXCP sədri Əli Kərimli barəsində başlanmış cinayət işi üzrə qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar verib. Əli Kərimli barəsində həbs qətimkan tədbirinin müddəti 5 ay uzadılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən görülmüş kompleks tədbirlər nəticəsində Azərbaycan vətəndaşları - Mehdiyev Ramiz Ənvər oğlu, Abbasov Abbas Aydın oğlu, Kərimli Əli Əmirhüseyn oğlu və qeyrilərinin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələrinə əsaslı şübhələr yaranıb.
Cinayət əməllərində iştiraklarına görə, Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zayıdov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), Eldar Əmirov 32.5, 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə), Ramiz Mehdiyev 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.
Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə araşdırmalar davam etdirilir.