UFC Fight Night Baku turnirinə 70-ə yaxın ölkədən azarkeşlər gözlənilir

16 İyun 2026 11:22

İyunun 27-də Milli Gimnastika Arenasında təşkil olunacaq UFC FIGHT NIGHT: FIZIEV vs TORRES turnirinə sayılı günlər qalır.

Turnirə maraq olduqca yüksəkdir. Bilet satışları ötən ilin eyni dövrü ilə müqayisədə daha sürətlə davam edir və satılan biletlərin yarısını xarici azarkeşlər təşkil edir.

UFC Fight Night Bakı yarışına ən böyük maraq ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Qazaxıstan və İsraildən müşahidə olunur. Ümumilikdə isə biletlər dünyanın 67 ölkəsindən olan azarkeşlər tərəfindən əldə edilib.

Qeyd edək ki, Azərbaycan hazırda MDB məkanında, Mərkəzi Asiya və Cənubi Qafqazda UFC turnirlərinə ev sahibliyi edən yeganə ölkədir.

UFC FIGHT NIGHT: FIZIEV vs TORRES turniri 27 iyun tarixində Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə azərbaycanlı təmsilçi Rafael Fiziev yüngül çəki dərəcəsində Manuel Torreslə üz-üzə gələcək. İkinci əsas döyüşdə isə orta çəki dərəcəsində Şarabutdin "Shara Bullet" Maqomedov Michel Pereira ilə qarşılaşacaq.

Turnir çərçivəsində daha iki azərbaycanlı döyüşçü - Nazim Sadıxov və Fərman Həsənov da oktaqona çıxacaq. Onların rəqibləri müvafiq olaraq braziliyalı Mateus Kamilo və ABŞ-lı Erik Nolan olacaq.

Bu yay keçiriləcək ən möhtəşəm idman hadisələrindən birini qaçırmayın! Biletləri iticket.az vasitəsilə əldə edə bilərsiniz.