Dəqiqələr ərzində hazır: Tavada brauni resepti

16 İyun 2026 00:25

Şokolad sevənlərin qısa müddətdə hazırlaya biləcəyi ən praktik şirniyyatlardan biri olan tavada brauni resepti soba istifadə etmədən yumşaq teksturalı və bol şokoladlı bir ləzzət əldə etmək istəyənlər üçün əla alternativdir. Az məhsulla hazırlanan bu şirniyyat xüsusilə qəfil şirin ehtiyaclarında xilaskar olur və içindəki əriyən şokolad tikələri ilə hər tikədə fərqli bir həzz verir. Çay və qəhvə saatlarına çox yaraşan bu təam, asan hazırlanması və mükəmməl qıvamı ilə tez-tez bişirmək istəyəcəyiniz şirniyyatlar arasında yer alacaqdır.

Milli.Az lazım olan məhsulları təqdim edir:
2 ədəd yumurta

3 xörək qaşığı sürtülən şokolad (şokolad pastası)

Yarım stəkan süd

4 xörək qaşığı un

2 xörək qaşığı kakao

1 paket vanil

80 qram tünd (bitter) və ya südlü şokolad

Hazırlanma qaydası
Dərin bir qarışdırma qabına yumurtaları vurun və bir neçə dəqiqə çırpın. Üzərinə südü və sürtülən şokoladı əlavə edərək qarışıq tamamilə hamar olana qədər çalmağa davam edin.

Unu, kakaonu və vanili də bura qatıb axıcı qıvamlı bir brauni xəmiri əldə edin. Son olaraq kiçik parçalara böldüyünüz şokoladı əlavə edib spatula vasitəsilə qarışdırın.

Altını yüngülcə yağladığınız kiçik ölçülü, yapışmayan bir tavanın içinə xəmiri tökün və üzərini düzləşdirin.

Tavanın qapağını bağlamazdan əvvəl qapağa təmiz bir mətbəx dəsmalı (belyaj) sarıyın. Bu üsul bişmə zamanı yaranan buxarın (nəmin) şirniyyatın üzərinə damlamasının qarşısını alır.

Braunini ən vam (alçaq) odda təxminən 25 dəqiqə nəzarət edərək bişirin. Müddətin sonunda kibrit çöpü və ya diş çöpü (kürdan) vasitəsilə bişib-bişmədiyini yoxlayın.

Ocaqdan götürdükdən sonra 10 dəqiqə kənarda saxlayıb soyudun. Dilimləyərək servis boşqabına götürün və istəyə görə üzərinə əridilmiş şokolad gəzdirib süfrəyə verin.

Daha yumşaq və nəm bir brauni əldə etmək üçün xəmiri həddindən artıq qarışdırmamağa diqqət edin.

Tavanın altını yüngülcə yağlamaq braunini rahatlıqla çıxarmağa kömək edir.

Braunini mütləq vam odda bişirin. Gür od kənar hissələrin tez bişməsinə, içinin isə çiy qalmasına səbəb ola bilər.

Diş çöpü ilə yoxlayarkən çöpün tamamilə quru çıxmasını gözləməyin; yüngül nəm çıxması ideal brauni qıvamını göstərir.

Tavada braunini ilıq formada servis edərək içindəki şokolad parçalarının axıcı teksturasını daha aydın hiss edə bilərsiniz.

Yanına bir top vanilli dondurma qoyaraq isti və soyuq ləzzətlərin uyğunluğunu yaxalaya bilərsiniz.

Üzərinə təzə çiyələk, qoz, fındıq və ya banan dilimləri düzərək daha rəngarəng bir təqdimat hazırlaya bilərsiniz.

Nuş olsun!

Lalə Qüdrətova
Milli.Az