Bənövşəyi velvet tortunun hazırlanması

16 İyun 2026 07:07

Bənövşəyi velvet tortu yumşaq biskviti və gözoxşayan rəngi ilə xüsusi günlərinizə çox yaraşacaq bir şirniyyatdır. Biskvitin nəm və yumşaq teksturası südün sirkə ilə çürütülməsindən və bənövşəyi unun rəngindən gəlir. Krem pendir və qaymağın pudra şəkəri ilə birləşdiyi ipək kimi kremi isə tortun hər qatına yüngül bir ləzzət qatır. Üstü biskvit qırıntıları ilə örtülən bu fərqli tort, yaban mersini ilə servis edilir.

Milli.Az lazım olan məhsulları təqdim edir:

Biskviti üçün:

4 ədəd yumurta

1 stəkan şəkər tozu

1 stəkan otaq temperaturunda süd

1 xörək qaşığı alma sirkəsi

2 stəkan bənövşəyi un

1 paket qabartma tozu

1 paket vanil

Kremi üçün:

200 qram krem pendir (və ya labne)

400 millilitr maye qaymaq (33-35%-li)

1 stəkan pudra şəkəri

Üstü üçün:

Mərsin (yaban mersini)

İstəyə görə təzə nanə yarpaqları

Hazırlanma qaydası
Südün içinə alma sirkəsini əlavə edin və 10 dəqiqə kənarda saxlayaraq südün çürüməsini təmin edin. Ayrı bir qabda yumurta və şəkər tozunu krem halına gələnə qədər mikserlə yaxşıca çalın. Unu, qabartma tozunu və vanili ələyərək bu qarışığa əlavə edin. Spatula köməyi ilə altdan yuxarıya doğru yavaşca qarışdırın. Çürümüş südü də bura əlavə edib qarışığı tamamlayın. Açılıb-bağlanan tort qəlibinin içini kərə yağı ilə yağlayın və xəmiri içinə tökün. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə nəzarət edərək bişirin. Sobadan çıxarıb tam soyuduqdan sonra biskviti üfüqi formada üç bərabər hissəyə kəsin.

Çırpma qabına soyuq maye qaymağı və pudra şəkərini əlavə edib, qaymaq qatılaşıb qabarana qədər mikserlə çalın. Hazır olan qaymağı bərkiməsi üçün 10 dəqiqə soyuducuda saxlayın. Krem pendiri ayrı bir qabda çırpıcı ilə bir az qarışdırın. Soyuducuda gözlətdiyiniz qaymaqlı qarışığı pendirin üzərinə əlavə edin. Hər iki qarışığı spatula vasitəsilə sönməməsi üçün yavaşca bir-birinə yedirin.

Kəsdiyiniz biskvit qatlarından birincisini tort boşqabına yerləşdirin. Üzərinə hazırladığınız kremin yarısını töküb spatula ilə düzləşdirin. İkinci biskvit qatını üzərinə qoyun, qalan kremi də eyni qaydada çəkib səthini hamarlayın. Üçüncü biskvit qatını isə mətbəx robotundan (blenderdən) keçirərək tamamilə qırıntı halına gətirin. Bu qırıntıları tortun üstünə və kənarlarına, kremli hissələr tamamilə bağlanacaq şəkildə bolca səpin. Tortu soyuducuya qoyub 2-3 saat dinləndirin.

Yaxşıca soyuyan tortu dilimləyərək servis boşqablarına götürün. Üzərini təzə mərsin dənələri və istəyə görə təzə nanə yarpaqları ilə bəzəyərək servis edin.

Lalə Qüdrətova
Milli.Az