“El Calor en Baku – Azerbaijan Tango Festival” Beynəlxalq Tanqo və Mədəniyyət Festivalının proqramı təqdim olunub

15 İyun 2026 22:53

İlk dəfə Azərbaycanda, Bakının qədim hissəsi - İçərişəhər ərazisində 19-24 iyun tarixlərində möhtəşəm "El Calor en Baku - Azerbaijan Tango Festival" Beynəlxalq Tanqo və Mədəniyyət Festivalı keçiriləcək.

Məlum olduğu kimi, İçərişəhər memarlıq abidələri ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib və Bakının ürəyi hesab olunur. Bu məkan həm yerli sakinlər, həm də xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanır. Festival təşkilatçıları burada iştirakçılara unudulmaz emosiyalar yaşatmağı, rəqs etməyi, istirahət etməyi və müxtəlif tədbirlər vasitəsilə pozitiv enerji qazanmağı hədəfləyirlər.

Layihə və festival proqramı ilə daha ətraflı tanış olmaq üçün:
Rəsmi sayt - https://aztangofest.com/az

Instagram səhifəsi - https://www.instagram.com/aztangofest?igsh=ZWwxaHdrbWhyN3hy

"Festivalın Bakı sakinləri, ailələr, cütlüklər, dostlar, turistlər və şəhərin qonaqları üçün açıq məkan olmasını istəyirik. Altı gün ərzində hər kəs festival meydançalarını ödənişsiz ziyarət edə, tanqo ilə ilk addımlarını ata, canlı musiqi dinləyə, dünya səviyyəli artistlərin çıxışlarını izləyə, rəqs məktəbləri ilə tanış ola və İçərişəhərin xüsusi atmosferini hiss edə biləcək", - deyə tanınmış prodüser və ssenarist Artur Ostrolutski bildirib.

Festival Bakının yay mövsümünün ən parlaq tədbirlərindən birinə çevriləcək. Gün ərzində qonaqları açıq tanqo dərsləri, ustad dərsləri, qastronomik yarmarka, Argentina mədəniyyətinə həsr olunmuş tematik mühazirələr və film nümayişləri gözləyir. Axşam saatlarında isə İçərişəhərin tarixi küçələri tanqo ritmləri ilə canlanacaq - konsertlər, açıq hava milonqaları, rəngarəng şou proqramları, canlı musiqi və beynəlxalq artistlərin çıxışları təqdim olunacaq.

Festivalın əsas tədbirləri:

20 iyun - Qoşa Qala yaxınlığında açıq havada rəsmi açılış mərasimi keçiriləcək. Tədbir Argentina Bayraq Günü münasibətilə təşkil olunacaq. Açılışda Solo Tango Orchestra və tanqo dünyasının məşhur maestrosları - yəni ustad rəqqaslar və müəllimlər çıxış edəcəklər.

21 iyun - canlı orkestr və beynəlxalq tanqo ulduzlarının iştirakı ilə genişmiqyaslı open-air milonqa keçiriləcək.

22 iyun - beynəlxalq tanqo çempionatının finalı və festivalın ən yaxşı rəqs cütlüklərinin iştirakı ilə möhtəşəm qala-şou təşkil olunacaq.

24 iyun - festival Bakı Musiqi Akademiyasının Opera Studiyası səhnəsində keçiriləcək xüsusi konsertlə yekunlaşacaq. Konsert Carlos Gardel - tanqonun ən böyük simalarından birinin xatirəsinə həsr olunacaq. Biletləri buradan əldə etmək mümkündür: https://iticket.az/events/concerts/la-argenta-ensamble-the-great-argentine-tango-evening-in-baku

Layihə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Argentina Respublikasının Səfirliyi, Azərbaycan Rəqs Şurası (AzDC), beynəlxalq tanqo icması və yerli tərəfdaşların dəstəyi ilə həyata keçirilir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az.