Flora Kərimovanın səhhəti ilə əlaqədar “Bakı gecələri” konserti sentyabr ayına təxirə salındı

15 İyun 2026 16:56

Hörmətli tamaşaçılar, media nümayəndələri və Azərbaycan musiqisinin dəyərli sevərləri!

Respublikanın Xalq artisti, Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, milyonlarla insanın sevgisini qazanan Flora Kərimovanın səhhəti ilə bağlı yaranmış vəziyyət nəzərə alınaraq, Ocaq Müstəqil Sənət Mərkəzi və layihənin təşkilatçıları tərəfindən əvvəlcədən 20 iyun tarixinə planlaşdırılmış "Bakı Gecələri" konsertinin 12 sentyabr  saat 20:00 2026-cı il tarixinə keçirilməsi barədə qərar qəbul edilmişdir.

Bu qərar yalnız təşkilati xarakter daşımır.

Bu, ilk növbədə Azərbaycan musiqisinə, milli səhnəmizin canlı əfsanəsinə və böyük sənətkar Flora Kərimovaya göstərilən hörmətin ifadəsidir.

Flora Kərimovanın onilliklər boyu yaratdığı sənət irsi, Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələr və xalqımızın qəlbində qazandığı müstəsna yer nəzərə alınaraq, tədbirdə iştirak edən sənətçilər və təşkilatçılar yekdil qərara gəliblər ki, bu möhtəşəm musiqi gecəsi onun iştirakı və sağlamlığı ilə bağlı ən xoş xəbərlərin fonunda keçirilməlidir.

İnanırıq ki, minlərlə tamaşaçı kimi biz də Flora xanımı yenidən səhnədə görmək, onun səsini, enerjisini və sənət nəfəsini hiss etmək arzusundayıq. Məhz buna görə proqram sentyabr ayına keçirilib və həmin tarixdə daha geniş tərkibli, daha möhtəşəm bir qala-konsert təqdim olunacaq.

Konsert proqramında Azərbaycan musiqisinin tanınmış nümayəndələri, xalq artistləri və sevilən sənətçilər iştirak edəcəklər. Tamaşaçıları Bakı musiqi mühitinin ən gözəl ənənələrini özündə birləşdirən, unudulmaz və duyğulu bir sənət axşamı gözləyir.Əvvəlcədən alınmış bütün biletlər 12 sentyabr tarixində keçiriləcək konsert üçün tam qüvvədə qalır və dəyişdirilməsinə ehtiyac yoxdur.

Əminik ki, Azərbaycan musiqisinə dəyər verən hər bir tamaşaçı bu qərarı anlayışla qarşılayacaq və Flora Kərimovaya göstərilən mənəvi dəstəyə qoşulacaq.

Sonda böyük sənətkarımıza tezliklə tam sağalma arzulayır, ona möhkəm can sağlığı diləyirik.

Göstərdiyiniz anlayışa və dəstəyə görə hər birinizə təşəkkür edirik.

12 sentyabrda görüşənədək!