Pəncərə kənarlarında yaranan qara ləkələr xüsusilə rütubətli havalarda, soyuq şüşələrdə və kifayət qədər havalandırılmayan otaqlarda tez-tez rast gəlinir. Bu ləkələr ilk baxışda sadəcə çirkin görüntü kimi görünsə də, əslində kifdir və zamanla yayılaraq otağın havasını da pisləşdirə bilər.
Milli.Az xəbər verir ki, pəncərələrdə kifin yaranmasının ən böyük səbəbi kondensasiyadır (tərləmə). Otaqdakı isti və rütubətli hava soyuq şüşəyə toxunduqda su damcıları yaranır. Bu rütubət pəncərə altlıqlarında, silikon kənarlarında və ya çərçivə boşluqlarında yığıldıqda kif üçün uyğun şərait yaranır.
Xüsusilə hamam, mətbəx və yataq otağı kimi rütubətin yüksək olduğu yerlərdə pəncərələr daha tez kiflənir. Havalandırmanın zəif olması, yaş şüşələrin silinməməsi və pəncərə kənarındakı toz-torpaq problemi daha da artırır. Buna görə də təmizlikdən sonra pəncərəni quru saxlamaq və otağı tez-tez havalandırmaq lazımdır.
Pəncərə kənarındakı kif necə təmizlənir?
Kifi təmizləyərkən onun tozcuqlarının havaya yayılmaması və dəriyə toxunmaması üçün ehtiyatlı olmaq lazımdır. İşə başlamazdan əvvəl əlcək, maska və mümkünsə qoruyucu eynək taxmaq vacibdir.
Təmizləmə qaydası:
Otağı havalandırın və pəncərəni açın.
Əlcək, maska və qoruyucu eynəyinizi taxın.
Kifli nahiyəni əvvəlcə yüngülcə nəmləndirin ki, tozcuqlar havaya uçmasın.
Səthdəki artıq kifi birdəfəlik bez və ya kağıt dəsmalla yavaşca götürün. Bərk sürtməyin.
Ağ sirkəni sprey şüşəsinə töküb kifli hissəyə sıxın.
Sirkəni səthdə 30-60 dəqiqə saxlayın.
Sonra həmin hissəni təmiz bir bezlə silin.
Əgər ləkə hələ də qalıbsa, 1 çay qaşığı çörək sodasını (karbonat) 2 stəkan ilıq su ilə qarışdırın.
Bu qarışığı ləkəyə çəkin və köhnə diş fırçası ilə yavaşca fırçalayın.
Səthi təmiz və nəm bezlə silib tamamilə qurulayın.
İstifadə etdiyiniz bezləri ya qapalı torbaya qoyub atın, ya da yüksək temperaturda yuyun.
Kifin yenidən yaranmaması üçün şüşələrdə yığılan suyu müntəzəm silin və otağı tez-tez havalandırın. Sirkə və soda yüngül kif problemləri üçün faydalıdır. Lakin kif daim geri qayıdırsa, divarın içinə yayılıbsa və ya pəncərə rezinlərinə çox dərin işləyibsə, mütəxəssis yardımı almaq daha doğrudur.
Lalə Qüdrətova
Milli.Az