Qarğışın insan sağlamlığına təsiri

14 İyun 2026 22:38

Sosial şəbəkələrdə və elmi dairələrdə kütləvi şəkildə edilən bədduaların həm bəddua edən, həm də bədduaya məruz qalan şəxslərin sağlamlığına təsirlərini araşdıran qeyri-adi bir layihə təklifi müzakirə mövzusuna çevrilib. 

Milli.Az xəbər verir ki, tədqiqat çərçivəsində bədduaların intensivləşdiyi saatlarda radio-tezlik məlumatları, meteoroloji skan nəticələri və havada asılı qalan səs izləri araşdırılacaq, həmçinin bəddualar regional və dil fərqliliklərinə görə təsnif ediləcək.

Bəddua edənlərin beyin dalğaları və təzyiqi ölçüləcək
Eksperimentin ən diqqətçəkən hissəsi bəddua seansları zamanı insanların fiziki göstəricilərinin qeydə alınmasıdır. Ünvanlar üzrə ediləcək ev ziyarətlərində və kütləvi seanslarda iştirakçıların:

Nəbzi və qan təzyiqi,

Tərləmə dərəcəsi və göz qırpma refleksləri,

Beyin dalğalarının (EEQ) dəyişməsi xüsusi cihazlarla qeydə alınacaq və toplanan "Böyük məlumat bazası" (Big Data) üzərində data madənçiliyi üsulları tətbiq olunacaq.

Qulaq cingiltisi və vicdan nahiyəsindəki dəyişikliklər
Tədqiqatın digər tərəfi isə bədduaya məruz qalan şəxslərlə aparılacaq üzbəüz görüşləri əhatə edir. Mütəxəssislər bədduaların pik həddə çatdığı saatlarda bu şəxslərdə üz qızarması, qulaq cingiltisi, sinə daralması və baş ağrısı kimi simptomların yaranıb-yaranmadığını yoxlayacaqlar.

Həmçinin, bədduaya məruz qalanların uzunmüddətli tibbi müayinələri aparılaraq, onların "ədəb və vicdan nahiyələrində" hər hansı struktur dəyişikliyinin baş verib-vermədiyi elmi üsullarla üzə çıxarılacaq.

Layihənin sonunda əldə edilən bütün elmi nəticələr ictimaiyyətə açıqlanacaq. Bundan əlavə, iştirakçıların icazəsi ilə "təsirli bəddua etməyin yolları", "hədəfi yataqda fırladan bəddua" və "ürəkrahatladan bəddua" başlıqları altında interaktiv təlim videolarının hazırlanması planlaşdırılır.

Hətta bəddua seanslarında istifadə olunan müxtəlif materialların satışı üçün xüsusi bir "bəddua mağazası"nın yaradılması da layihənin gələcək hədəfləri arasındadır. Tədqiqat öz bədduasına sahib çıxan və bu sosioloji təcrübənin bir parçası olmaq istəyən hər kəsin iştirakına açıq elan edilib.

Lalə Qüdrətova
Milli.Az