İsveçrədə əhalinin sayının məhdudlaşdırılması ilə bağlı mühüm referendum keçirilib.
Reuters-in məlumatına görə, ölkə vətəndaşları əhalinin 2050-ci ilə qədər 10 milyon nəfərlə məhdudlaşdırılmasını nəzərdə tutan təşəbbüslə bağlı səs veriblər.
Təklif sağçı İsveçrə Xalq Partiyası (SVP) tərəfindən irəli sürülüb. Partiya sürətli əhali artımının mənzil bazarı, nəqliyyat infrastrukturu, sosial xidmətlər və təbii resurslar üzərində təzyiq yaratdığını bildirir.
Layihəyə əsasən, ölkənin daimi əhalisi 10 milyon nəfəri keçməməlidir. Hazırda İsveçrədə təxminən 9,1 milyon insan yaşayır və proqnozlara görə, bu rəqəm 2040-cı illərin əvvəllərində 10 milyona çata bilər.
Təşəbbüsə görə, əhali sayı 9,5 milyona çatdıqdan sonra hökumət immiqrasiya qaydalarını sərtləşdirməli olacaq. Bu dəyişikliklərin əsasən sığınacaq və ailə birləşməsi prosedurlarına təsir edəcəyi gözlənilir. Əgər əhali 10 milyon həddini keçərsə, hökumət beynəlxalq sazişlərə, o cümlədən Avropa İttifaqı ilə insanların sərbəst hərəkətinə dair razılaşmaya yenidən baxmalı olacaq.
İsveçrə hökuməti və parlamenti isə təşəbbüsün əleyhinə çıxış edir. Rəsmilər hesab edirlər ki, belə bir addım iqtisadi artıma mənfi təsir göstərə, ixtisaslı işçi çatışmazlığını dərinləşdirə və Avropa İttifaqı ilə münasibətləri mürəkkəbləşdirə bilər.
Müşahidəçilərin fikrincə, referendumun nəticələri İsveçrənin gələcək miqrasiya siyasəti və Avropa ilə əlaqələri baxımından mühüm əhəmiyyət daşıyır.