Şamaxıda Barbekü Festivalının birinci günü - FOTO

13 İyun 2026 23:37

İyunun 13-də Şamaxının Meysəri kəndində Barbekü festivalı başlayıb. İki gün davam edəcək festival Şamaxı Rayon İcra Hakimiyyəti, Nəsimi Bağları Kompleksi və "Abqora" restoranının dəstəyi, "Azərsun Holdinq", "Coca-Cola Azərbaycan"ın baş sponsorluğu, "Azərbaycan Hava Yolları" QSC, "Premium Meat", "Baku Medical Plaza"nın rəsmi tərəfdaşlığı ilə təşkil olunur.

Festivalda 20-dək ölkəni təmsil edən aşpazlar kulinariya üzrə çoxillik təcrübəyə malik, iş təcrübələri müddətində müxtəlif ölkələrin tanınmış restoranlarında fəaliyyət göstərmiş, bir çox iri festivallarda təmsil olunaraq saysız mükafatlara layiq görülmüş şeflərdir.

Festival ərazisindəki kulinariya zonalarında əyləncəli yarışmalar keçirilir, restoranların təmsil olunduğu pavilyonlarda isə müxtəlif mədəniyyətlərin mətbəxi ilə daha yaxından tanış olmaq, iştirakçılar arasında ünsiyyəti genişləndirmək, fərqli təamları dadmaq imkanı yaradılıb.

Festival iyunun 14-də işini davam etdirəcək.

Festivalın ikinci günü də ləziz təqdimatlar və əyləncə ilə yadda qalacaq. "Steyk şou"da şef-aşpazlar steykləri hər biri özünəməxsus hazırlanma üsulu ilə bişirəcək. Təqdimat zamanı onlar öz kulinariya sirləri, bişirmə texnikaları və xüsusi məsləhətləri ilə tamaşaçılarla bölüşəcək. Həmin günün musiqili proqramı isə festivalı daha da rəngarəng edəcək.