Ev heyvanlarının insan psixologiyasına müsbət təsirləri uzun illərdir elmi araşdırmalarla sübut edilsə də, mütəxəssislər bu münasibətin yaratdığı psixoloji yükə də diqqət çəkirlər.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, pişik və it saxlamaq tənhalıq hissini azaltmağa, sosial münasibətləri gücləndirməyə və ruh sağlamlığını yaxşılaşdırmağa kömək etsə də, onların gündəlik qayğısı, sağlamlıq problemləri və itirilməsi ilə bağlı yaşanan proseslər sahiblərdə stress və narahatlıq yarada bilir.
Araşdırmalar göstərir ki, ev heyvanları xüsusilə tək yaşayan insanlar və yaşlılar üçün mühüm sosial dəstək mənbəyidir.
Bununla yanaşı, ABŞ-də keçirilən sorğunun nəticələrinə əsasən, ev heyvanı sahiblərinin 47 faizi heyvanlarını evdə tək qoyduqda narahatlıq yaşadıqlarını bildirib.
Ekspertlər qeyd edirlər ki, ev heyvanlarının ömürlərinin insanlara nisbətən daha qısa olması bir çox sahib üçün ağır itki və yas dövrünə səbəb olur. Bəzi hallarda bu itkinin yaratdığı emosional təsirin yaxın bir insanın itkisi qədər güclü hiss edildiyi vurğulanır.
Sorğuda iştirak edənlərin 41 faizi ev heyvanını tək qoymamaq üçün sosial tədbirlərdən imtina etdiyini, 70 faizi isə onlarla daha çox vaxt keçirə bilmək məqsədilə uzaqdan işləməyə üstünlük verdiyini deyib.
Mütəxəssislərin fikrincə, gündəlik qulluq, baytar xərcləri və digər məsuliyyətlər də ev heyvanı sahiblərində əlavə stress yaradan əsas amillər sırasındadır.
Mina Mikayılova