Bakıda mövsümün musiqi imzası təqdim olundu – Signature Gala Night – FOTO

12 İyun 2026 22:14

Heydər Əliyev Sarayında mövsümün ən maraqlı musiqi hadisələrindən biri - Signature Gala Night - "İmza" qala gecəsi keçirilib. Tədbirdə tamaşaçılara dünya klassikası, opera sənəti və mədəni dialoq aləminə unikal musiqi səyahəti təqdim olunub, Trend tədbirdən xəbər verir.

Bu axşam sadəcə konsert deyil, əsl sənət hadisəsinə çevrilib. Azərbaycan, İtaliya, İspaniya və Bolqarıstanın musiqi ənənələri eyni səhnədə bir araya gələrək yüksək sənət və parlaq emosiyalar atmosferi yaradıb.

Tədbirə xüsusi təntənə qatan amillər sırasında eksklüziv səhnə tərtibatı, müasir işıq və vizual həllər, xüsusi hazırlanmış proqram və qırmızı xalça ab-havası yer alıb. Bütün bunlar gecəni genişmiqyaslı mədəni hadisəyə çevirib.

Gecənin musiqi müşayiətini əməkdar artist, dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Böyük Simfonik Orkestr təqdim edib. Orkestr dünya klassikasının sevilən əsərlərini yeni nəfəs və fərqli səhnə yozumu ilə tamaşaçılara çatdırıb.

Səhnədə Azərbaycan opera sənətinin parlaq nümayəndələri - xalq artistləri Azər Zeynalov və Samir Cəfərov, əməkdar artistlər Ramil Qasımov və İnarə Babayeva, eləcə də gənc istedadlar çıxış ediblər.

Tamaşaçıların xüsusi marağına səbəb olan məqamlardan biri beynəlxalq qonaqların çıxışları və The Italian Way adlı xüsusi layihə olub. Bu proqram gecəyə Avropa koloritini və yeni bədii çalarlar gətirib.

Axşamın ən yaddaqalan çıxışlarından biri əfsanəvi Andrea Boçelli ilə eyni səhnəni bölüşmüş tanınmış bolqar gitara ifaçısı Magdalena Kaltçevanın canlı performansı olub. Onun virtuoz ifası proqramın ən parlaq məqamlarından biri kimi yadda qalıb.
İspaniyalı qonaqlar Magdalena Yaneva və Stefan Nikolov isə flamenko ritmləri, emosional rəqs kompozisiyaları və cənub temperamentinin enerjisi ilə gecəyə xüsusi dinamika qatıb.

Layihənin təşkilatçıları olan Cult Events və Signature Group komandaları klassik musiqiyə yeni emosional ölçü qazandıran fərqli bir konsepsiya təqdim etməyə nail olublar.

Signature Gala Night bir daha sübut edib ki, müasir konsert təkcə musiqi təqdimatı deyil, həm də tamaşaçının ilk notdan son akkorda qədər birlikdə yaşadığı bütöv bir mədəni təcrübədir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az