Bakı Dövlət Universitetindən 6200-dən çox tələbə bakalavriat və magistratura səviyyələri üzrə məzun olur.
Milli.Az xəbər verir ki, bunu BDU-nun rektoru Elçin Babayev Məzun günü çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Rektor qeyd edib ki, onların arasında xarici tələbələr də var.
"Bu gənclər qalib ölkənin Zəfər işığında təhsil alıblar. İnanıram ki, onlar Azərbaycanın inkişafına öz layiqli töhfələrini verəcəklər.
Bu il 107 yaşı tamam olan qədim elm və ali təhsil ocağı hər zaman öz tələbələri ilə fəxr edib və bundan sonra da fəxr edəcək.
Belə bir universitetin məzunu olmaq hər kəsə nəsib olmur. Burada təhsil alan hər bir şəxs bununla qürur duymalıdır. Universitetimizin beynəlxalq reytinq cədvəllərindəki göstəriciləri ildən-ilə yaxşılaşır, mövqeyi yüksəlir.
Bu gün tələbələrimiz yalnız auditoriyalarla vidalaşırlar. Onlar hər zaman BDU ailəsinin üzvü olaraq qalacaqlar və bizimlə əlaqələrini davam etdirəcəklər. Artıq bu gün BDU məzunları ölkəmizdə yüksək vəzifələr tutur, xaricdə isə Azərbaycanı layiqincə təmsil edirlər.
Universitetdə yeni ixtisaslar yaradılıb. Əmək bazarının tələblərinə uyğun ixtisaslaşmalar üzrə, xüsusilə magistratura səviyyəsində yeniliklər həyata keçirilir. Eyni zamanda, universitetin infrastrukturu yenilənir, genişmiqyaslı təmir və abadlıq işləri aparılır", - o, qeyd edib.
Mina Mikayılova
Milli.Az